Vaxt.Az

«Onun hansı nəticələri var?»


 

Nazir 4 qat dünya, 2 qat Avropa çempionuna qarşı

«Onun hansı nəticələri var?» Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu olmuş Zülfiyyə Hüseynovaya prezident təqaüdü verilməsinin qəti əleyhinədir. ANS PRESS-in məlumatına görə, nazir veteran idmançının ittihamlarına bu gün keçirdiyi mətbuat konfransında cavab verib.

Azad Rəhimov bunu dəfələrlə ona müraciət edən Z.Hüseynovaya da bildirdiyini deyib: «Bunu dəfələrlə onun özünə də demişəm. Dövlət Gömrük Komitəsində işləyən, yüksək maaş alan birinə niyə təqaüd verilməlidir? Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Zülfiyyə xanım istəsə, yenə bizə müraciət edə bilər. Amma mən fikrimi dəyişmək niyyətində deyiləm.»

Rəhimov 44 yaşlı veteran idmançıya təqaüd vermək istəməməsinin bir səbəbi kimi, onun hələ də gənc olduğunu göstərib və sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu olan xanım idmançının böyük nəticələr göstərmədiyini dilə gətirib: «Ölkə başçımız təqaüdü idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verir. Zülfiyyənin hansı böyük nəticəsi var axı? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu?»

Zülfiyyə HüseynovaQeyd edək ki, Zülfiyyə Hüseynova olimpiya oyunlarında da uğur qazanıb: SSRİ Çempionatında II yer (1991), SSRİ Xalqlarının Spartakiadasında III yer (1991), Hərbçilərin Olimpiadasında I yer (1995), XXVI Yay Olimpiya Oyunlarında VII yer (1996), Hərbçilərin Dünya Çempionatında I yer (1998), Hərbçilərin Olimpiadasında III yer (1999), XXVII Yay Olimpiya Oyunlarında VII yer (2000) 5 dəfə Avropa Çempionatında V yeri tutub, Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

Xatırladaq ki, Zülfiyyə Hüseynova oxu.az-a açıqlamasında haqqının yeyildiyini söyləmişdi: «Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar. Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidir, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm».

 





23.04.2014    çap et  çap et