2020-ci ildə Britaniya kral ailəsini tərk edərək ABŞ-da məskunlaşan Susseks hersoqu Şahzadə Harri Böyük Britaniyaya səfərləri zamanı vergidən maliyyələşdirilən təhlükəsizlik xidmətlərindən faydalanmaq istəyi rədd edildikdən sonra ailəsi ilə birlikdə ölkəsinə qayıtmasının indi mümkünsüz olduğunu açıqlayıb.
Şahzadə Harri, həyat yoldaşı Meqan Markl və uşaqları Böyük Britaniyaya qayıtdıqda yüksək təhlükəsizlik riski ilə üzləşdiklərini iddia edərək, təhlükəsizlik xidmətləri üçün Britaniya hökumətinə müraciət etmişdilər. Bununla belə, hökumət dövlət resursları tərəfindən təmin edilən bu müdafiənin krallıq vəzifələrini tərk edən şəxsə avtomatik olaraq verilə bilməyəcəyini bildirmiş və məsələni məhkəməyə çıxarmışdı.
***
“Şahzadə Harri Böyük Britaniyaya gələrkən avtomatik olaraq ictimai təhlükəsizlik hüququna malik olmayacaq”, – Ali Məhkəmə qərar verib. Məhkəmə şahzadənin imtiyazlı təhlükəsizlik statusunun olmadığını və belə statusun yalnız rəsmi vəzifə tutan şəxslərə şamil edildiyini bildirib. Əsaslandırılmış qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Şahzadə Harri qərardan sonra açıqlama verərək, təhlükəsizliyin olmamasının ailəsi üçün ciddi təhdid yaratdığını bildirib: “Hazırda həyat yoldaşımı və uşaqlarımı Böyük Britaniyaya gətirə biləcəyim bir dünya görə bilmirəm. Mənə, həyat yoldaşıma və ya atamın nəvələrinə bir şey olsa, kim cavabdeh olacaq? Bu qərar açıq-aşkar qayğı borcunun pozulmasıdır”.