Qırmızı-ağ rəngləri ilə Güney Azərbaycan türklərinin simvoluna çevrilən Traktor FK hər matçda olduğu kimi bu matçda da sıx azarkeş dəstəyi ilə meydana çıxıb. Matçdan əvvəl stadionun ətrafına toplaşan “Türk Qanadı” süvari birlikləri Türkiyə bayraqları və Traktor FK pankartları ilə meydançada gəzərək coşğulu ab-hava yaradıblar. Süvari birliklərin iştirakı azarkeşlər arasında böyük həyəcan yaradıb və sosial mediada da geniş işıqlandırılıb.
Traktor FK-nın azarkeş qrupu “Qırmızı Qurdlar” matç zamanı türk şüarları və pankartları ilə komandalarına dəstək olarkən, süvari birləşmələrin stadionun ətrafında nümayişi klubun mədəni və milli kimliyini bir daha önə çıxardı. Azarkeşlər tribunaları “Nə mutlu Türkəm deyənə”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları ilə doldurarkən, süvari birliklərinin görkəmi bu coşqunu daha da alovlandırıb.
Klubun rəsmi sosial media hesablarında yer alan paylaşımlarda “Türk Qanadı” süvari birliklərinin Traktor FK-nın türk dünyasında döyüş ruhunu və birləşdirici gücünü təmsil etdiyi vurğulanıb. Qarşılaşmadan sonra Təbriz küçələrində bayram şənlikləri davam edərkən, süvari hissələrin nümayişi bir daha göstərdi ki, “Traktor” FK sadəcə futbol klubu deyil, o Güney Azərbaycan tüklərinin azadlıq hərəkatı, milli-mübarizə simvoludur.
“Traktor” FK İran Superliqasının çempionu kimi stadiona daxil olarkən “Türk Qanadı” süvari birliklərinin stadion ətrafında bu mənalı nümayişi klub azarkeşləri və türk dünyası üçün unudulmaz an kimi qeydə alınıb.