Vaxt.Az

“Lakmus kağızları”


 

... Yaxud düşmən dövlətlərin qabağa itələdiklərinin dəyişməyən ritorikası

“Lakmus kağızları” Siyasətin öz ali qanunları var. Tarix boyu formalaşıb. Birbaşa elçilik demokratiyası son 300 ilin məhsuludur. O da 300 il əvvəl möhürlə vurulmayıb. Onun da Jirondası, Yakobinçiləri, Direktoriyası, Napoleon imperiyası, sonra Monarxiyanın bərpası, sonra Monarxiyanın qovulması, sonra III Napoleonun demokratik xalq tərəfindən seçilməsi, ondan sonra onun parlamenti buraxması və ölkəni yenidən imperiya elan etməsi olub. Qısası, yəni demokratiyadan qabaq siyasət olmayıb?! Cəmiyyət bu siyasətdə iştirak etməyib?! Bəyəm siyasətlə məşğul olan bir məktəb müəllimi, və ya keçmiş “soldat” durub absolyut monarxa deyirdi ki, ay Lüdovik! Ay Vilhelm! Mənimlə nə qərəzlik edirsən?! Məndən qorxursan deyəsən!

Heç Lüdovikin, Vilhelmin xəbəri olmadan onun bir küçə qarovulçusu yapışırdı bunu qulağından ki, “ay qoduq, sən kimsən ki, Vilhelm səninlə şəxsi qərəzlik etsin?!” Elə oradaca həmin mənəm-mənəm deyənin cəzasını verirdi! Bu o demək deyildi ki, həmin ölkələrdə siyasi həyat yox idi. Var idi. Özü də necə.

Siyasətlə məşğul olanlar, rəqib siyasi qüvvənin başçısının (yerli hallarda – Monarxın) adını heç dilinə gətirmirdilər. Lakin onun hakimiyyətinin mühüm dayağı olan çox kiçik, ilk baxışdan məlum olmayan əsaslarına qarşı ciddi, tutarlı iddialar qaldırırdı. Bəli, onlar da axmaq deyildi. Bilirdilər ki, bu haradan vurur. Lakin onlara qarşı amansız davranışa nə cəmiyyət, nə də hətta öz adamları qarşısında belə mənəvi haqq qazandıra bilmirdi. Mənəvi haqq da sonra hüquqi haqqa çevrilir. Onun başqa variantı yoxdur. Onda ya gərək monarx, hakimiyyət, öz davranışını dəyişməyə məcbur olurdu ki, onun legitimliyinin mənəvi əfsanəsi puça çevrilə bilər. Həmdə ona manevr imkanı verirdi ki, öz komandasından birini qurban verib, məsuliyyəti onun üzərinə yıxıb, davranışını korrektə etsin. Beləliklə hakimiyyətlər, monarxiyalar zaman daxilində transformasiya olunurdu. İngiltərə, Fransa, Almaniya, Hollandiya, Belçika, Danimarka, İsveç bu yolu keçiblər. Den Syaopin demiş: “Bizə lazımdır ki, bilək pişik bozdur, yoxsa qara?! Bizə lazımdır ki, pişik siçanı tutsun”. Eləcə də bizə də lazım deyil ki, kimisə kimləsə əvəz edək. Yəni boş pişiyi ala-bula pişiklə. Bizə lazımdır ki, milli maraqlarımız (əhalinin rifahı, onun intellektual tələbləri) təmin olunsun. Nəyin bahasına olursa olsun, kimisə kiminləsə əvəz etmək cəmiyyətdən kənar qüvvəyə lazımdır. Şəxsi düşmənçiliyi olana, dövlətimizin süqutu hesabına kənar milli maraqları təmin etmək istəyənlər bu arzudadır .

Bizim axmaqlar klassik siyasətlə məşğul olan adamlara deyir:

­– Nə çərənləyirsən?! Hər şey bu dövlətdə  kimdən asılıdır?! Sən ondan qorxursan deməyə, yapışmısan xırda şeylərdən! Ən böyüyünə gücün çatmır, xırda məmurları tənqid atəşinə tutubsan?! Bunun nə xeyri vermələrinə?! (Əslində xeyri yuxarıda göstərdik) Beləsinə elə o an demək istəyirsən:

Ay axmaq, mən “kapitan Amerika” deyiləm ki, böyüklərə gücüm çatsın! Mənim də xırdalara gücüm çatır. O da qanun-qaydanı yaxşı bilsəm. Yaxşı bilməsəm, adımı provokator qoyub, polis idarəsinə aparar salarlar içəri. Orada da mənə divan tutarlar.

Öz şəxsi hüquqlarını qorumağa çalışan insana bu müraciəti edib, onu yolundan sapdıranları tanımaq üçün bu sözlər lakmus kağızıdır. Satqını, kənar qüvvəyə, yəni bizim öz cəmiyyətimiz üçün işləməyənləri, bu cəmiyyətin normal təkamül yolu ilə  inkişafına hər vəchlə əngəl törətməyə çalışanların əlləri o saplı gəlinciklərin başlarının üstündən o dəqiqə görünür.

Bizə cəmiyyət olaraq nə lazımdır? İnkişaf. Yalnız ağılsız adam təsəvvür edə bilər ki, o inkişaf ani ola bilər.

Amma bunların cibinə pul qoyub qabağa itələyənlərin konkret məqsədləri var. Pişiyin rəngi əvvəlcədən bəllidir. Ona görə də bunlar ritorikanı dəyişə bilmir. Onların öz biznesi var, xalqın, cəmiyyətin öz biznesi. Şəxsi hüquqlarını qorumağa çalışan insanlar gec-tez firqələşəcək. Əgər bu provokatorlar o firqələşmənin qarşısını almasalar.

 





03.05.2025    çap et  çap et