Ukrayna Prezidenti Vladimir Zelenskinin məqsədi aydındır. O “xarici qonaqların təhlükəsizliyinə təminat yoxdur” deməklə 9 May paradını pozmaq və Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir. Bu, parada qatılmaq istəyən xarici qonaqları seçim qarşısında qoya bilərmi? Çətin, hansı lider ki, parada qatılacağını əvvəlcədən müəyyələşdirib, o Rusiya Prezidenti Vladimir Putinin paradda iştirak dəvətindən imtina etməyəcək. Dəvətdən imtina Zelenskinin xəbərdarlığının nəzərə alınması kimi qiymətləndiriləcək. Misal üçün Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada 7–10 may olacaq. Si Cinpin səfər çərçivəsində həm paradda iştirak edəcək, həm də Putinlə ikitərəfli görüşlərdə strateji tərəfdaşlığın gələcək inkişafı, münasibətlərin dərinləşdirilməsi və beynəlxalq gündəmdəki aktual məsələlər müzakirə edəcək. Səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır. Sənədlər iqtisadi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığın yeni mərhələsini ehtiva edəcək. Bununla Si Cinpin Zelenskinin xəbərdarlığını qulaqardına vurmuş olur.
Kremlin qonaqlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artıracağı aydındır. Moskva səmasında hava müdafiə sistemləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Bununla təhlükənin tam ortadan qaldırıldığını söyləmək mümkündürmü? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında bildirib ki, Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-u görəcəyinə heç kim zəmanət verə bilməz. Mevdevyev bu açıqlamasıyla faktiki “Zelenksinin təhlükəsizliyə təminat yoxdur” açıqlamasını gücləndirmiş olur.
Bu arada, Moskvanın Vnukovo hava limanı PUA hücumu təhlükəsi ilə əlaqədar bağlanıb.