Vaxt.Az

«Rauf Mirqədirovun işi obyektiv araşdırılsın»


 

QAT bəyanat yaydı

«Rauf Mirqədirovun işi obyektiv araşdırılsın» Qarabağ Azadlıq Təşkilatı (QAT) araşdırmaçı jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı bəyat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanatda jurnalistin həbsindən təəssüf hissi keçirdikləri, narahat olduqları bildirilir.  Onlar jurnalistin günahsız olduğunun sübuta yetirilməsini və  tezliklə azadlığa çıxmasını istəyirlər. «Bu cür jurnalistlər azadlıqda daha çox xeyir verə bilər. Digər tərəfdən, bu hadisə üzdəniraq «xalq diplomatiyası» ilə bağlı daim dediklərimizdə, narahatçılıqda haqlı olduğumuzu bir daha təsdiq etdi. Bir daha vurğulayırıq ki, «xalq diplomatiyası» hazırkı vəziyyətdə, yəni torpaqlarımızın işğal altında qaldığı bir dövrdə Azərbaycanın maraqlarına cavab vermir. Üstəlik, «xalq diplomatiyası» ermənilərin maraqlarına xidmət etməklə belə bir təsəvvür yaradır ki, guya Azərbaycanla Ermənistan arasında heç bir problem, işğal faktı yoxdur. Həmçinin, dəfələrlə qeyd etdiyimiz kimi,  «xalq diplomatiyası» oyunları vətəndaşlarımızın müxtəlif ağır situasiyalarla üzləşməsinə, ağır vəziyyətə düşməsinə, erməni xüsusi xidmət orqanları tərəfindən ələ alınmasına münbit şərait yaradır» - deyə bəyanatda bildirilir.

«Biz Rauf Mirqədirovun həbsi ətrafında bəzi siyasi möhtəkirliklərin, spekulyasiyaların da  əleyhinəyik. Bəzi  «xalq diplomatları» özlərinə bəraət qazandırmağa çalışır, ermənilərlə «gündəlik təmasları», «müstəqil və alternativ münasibətləri» ilə fəxr etdiklərini də bildirməkdən çəkinmirlər. Bu, çox yanlış və təhlükəli mövqedir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, heç kəs bu cür hərəkətlərinə haqq qazandıra bilməz».

Bütün bunları nəzərə alaraq hesab edirik ki, araşdırmaçı jurnalist Rauf Mirqədirovun işi obyektiv araşdırılmalı və ədalətli hökm verilməlidir.

«Rauf Mirqədirovun ittiham olunduğu faktlarla bağlı cəmiyyətə məlumat verilməlidir. Üzdəniraq «xalq diplomatiyası»nın digər iştirakçılarının da antiazərbaycan fəaliyyətinin qarşısının  alınması üçün təcili və ciddi tədbirlər görülməlidir». 

Milli Məclis tərəfindən «İşğal olunmuş ərazilər haqqında» qanun qəbul olunmalı, həmin qanunda işğalçı Ermənistan və onun işğal etdiyi ərazilərdə yaratdığı qondarma rejimlə hər hansı əlaqələrə, təmaslara, rəsmi və qeyri-rəsmi səfərlərə qadağa qoyan maddə yer almalıdır.

 





23.04.2014    çap et  çap et