MKİ-in keçmiş müşavirinin bir başqa açıqlaması da maraqlıdır. Onun sözlərinə görə, dünya adı çəkilən üçlük arasında bölüşdürülüb: “Digər ölkələr ya bu üçlükdən birinin müttəfiqləridir, ya da ikinci dərəcəli ölkələrdir”. Bu yanaşma “soyuq müharibə” illərini xatırladır. O zaman da dünya ölkələrinin bir qismi ABŞ və keçmiş SSRİ arasında bölüşdürülmüş, digərləri isə hər ikisindən eyni məsafə saxlayırdılar.
“Dünya yenidən bölüşdürülür” fikri son zamanlar təlqin olunmağa çalışır. Keçmiş müşavirdən əvvəl ABŞ-ın nüfuzlu dərgilərindən biri də “dünya böyük dövlətlər arasında bölüşdürülür” tipli məqalə dərc etmişdi. Bu yanaşma daha çox amerikalı ekspertlər tərəfindən səsləndirilir. Maraqlıdır ki, bu yanaşma Rusiya və Çin ekspertlərinin narazılığına səbəb olmur. Görünür, “dünya bölüşdürülür” yanaşması Moskva və Pekinin də istəyinə cavab verir. Çünki, əgər “dünya bölüşdürülürsə” ABŞ-la yanaşı Rusiya və Çin də müxtəlif bölgə və ölkələrə iddia edə, təsir dairələrini artıra bilərlər. Bu siyasət faktiki ABŞ-ın hazırki Prezidenti Donald Tramp tərəfindən həyata keçirilir. Tramp və onun administrasiya üzvlərinin Ukraynaya “məsləhəti” odur ki, Kiyev Krımı və itirdikləri digər əraziləri unutsunlar. Bu siyasət Rusiyanın işğalına haqq qazandırır.