Vaxt.Az

Ərdoğan Obamanın atasına rəhmət dedirtdi


 

Türkiyə baş nazirinin bəyanatında yalnız qondarma «soyqırımı»n etirafı çatışmadı

Ərdoğan Obamanın atasına rəhmət dedirtdi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni «soyqırımı» ilə bağlı dünya ictimaiyyətinə qalmaqallı müraciət edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət başçısının bəyanatı Nazirlər Kabinetinin saytında dərc olunub. Bəyanatı ixtisarla təqdim edirik:

«Erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün özəl bir gün olan 24 aprel tarixi bir məsələ ilə bağlı onların düşüncələrinin azad ifadə edilməsi üçün bir fürsətdir. Amma 1915-ci il hadisələri Türkiyəyə qarşı istifadə olunmamalıdır və bu yolverilməzdir. Birinci dünya müharibəsi yaşanana acı xatirələr hamımızın ortaq dərdidir. Biz arxivlərimizi tarixçilərin üzünə açmışıq. Həmin zamanlarda etnik və dini mənsubiyyətindən asılı olmayaraq həlak olan hər bir insanı rəhmətlə yad edirik».  

Qeyd edək ki, müraciət 9 dildə - fransız, ingilis, alman, ərəb, ispan, rus və Qərb və Şərq ermənilərinin və  türk dillərində yayımlanıb.

Xatırladaq ki, erməni lobbisi hər il aprelin 24-nü qondarma erməni «soyqırımı»nın ildönümü kimi qeyd edir.

Vaxt.az-dan. Barak Obamanın hər il aprelin 24-də etdiyi çıxışlar bu bəyanatın yanında toya-bayrama gediləsidir. ABŞ prezidenti erməni lobbisinin basqılarına rəğmən heç vaxt «Soyqırım» ifadəsinin işlətməyib. O, hər dəfə nitqində «Meds Yeghern» («Böyük fəlakət») deyərək vəziyyətdən çıxıb. Ərdoğan isə açıq-aşkar üzrxahlıq etdi.

Nə baş verir? Yoxsa Türkiyə baş nazirinədəmi erməni basqısı var? Yəni olmayan bir hadisəyə görə necə üzrxahlıq etmək olar? Baş nazirin bu sözlərindən sonra məsələdən bixəbər Uruqvaydan və ya Türkiyəni daim təzyiq altda saxlamaq istəyən Fransadan nə gözləyək?

Nəinki hökumət başçısı, hətta ən aşağı ranqlı məmur belə millətini bundan da aşağılayıcı duruma qoya bilməzdi ki, AKP lideri bunu etdi.

Bir də o aydın oldu ki, qondarma «soyıqırım»la bağlı aparılan mübarizədə Azərbaycan dövləti daha prinsipialdır, nəinki Türkiyə. Rəsmi Bakının bütün sahələr üzrə (siyasi, biznes, mədəni, idman və s.) ABŞ, Fransa və bir çox Avropa dövlətlərində erməni lobbisini dalana dirədiyi vaxtda, belə məlum olur ki, dünyadakı ən güclü erməni lobbisi elə Türkiyənin özündəymiş. Hrant Dink olayının hər il keçirilən ildönümü fikrimizi təsdiqləyər.

Söz yerinə düşmüşkən xatırladaq ki, Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) TBMM-dəki üzvü Oqtay Vural ötən il dekabrın 15-də «AKP «erməni soyqırımı»nı tanıyacaq» bəyanatıyla həyəcan təbili çalmışdı. Türk ictimaiyyəti həmin vaxt «bu ağ olar» deyib məsələnin dərininə getmədi. Baş nazir sonuncu bəyanatıyla artıq heç nəyə şübhə yeri qoymayaraq MHP-li millət vəkilini haqlı çıxardı. Bundan sonra hər şey mümkündür və məsələnin üstündən ötüb keçmək olmaz.

 





23.04.2014    çap et  çap et