Vaxt.Az

Uğur anlayışı


 

Alilərlə adilərin fərqini ortaya qoyan qavram

Uğur anlayışı Subyektinə görə iki növ uğur var: adilərin uğur anlayışı və alilərin uğur anlayışı.

Adilərin uğur anlayışı məkanla bağlıdır. Məkanda nə qədər çox şeyə sahiblənərsə, adi özünü bir o qədər uğurlu kəs sanar. Ev, iş, avtomobil, vəzifə, komfort zona və s. Əldən-ələ keçən və qalıcı olmayan inventar yığınyla ölçülən uğur. 

Alilərin uğur anlayışı zamanla bağlıdır. Ali öz uğurunu zamanda ələ keçirə bələcəyi ərazinin miqyasıyla ölçər və bunu, sadəcə, ehtimal edər. Adinin gözüylə baxaq o, uğursuz adamdır. Çünki məkanda heç bir şeyə sahib deyil, zamanda nə qazanacağı isə şübhəlidir.

Alinin adinin xırdavatına ehtiyacı var. Adinin isə alinin küliyyatına ehtiyacı olmaya bilər.

Bu iki uğur arasında həmişə qaçış mümkündür. Məsələn, Budda məkanda anadan uğurlu doğulmuşdu, kral oğluydu. Adiliyin zirvəsindəydi. Amma o, bundan imtina etdi, zamana qaçdı və böyük bir zamanı ələ keçirdi. Tesla da həmçinin. Tolstoy ahıl yaşında evdən qaçanda məkandakı uğurunun dözülməzliyindən qaçmışdı. Kafkada məkan, ümumiyyətlə, absurd, anlaşılmaz bir zonadır.

Zamandakı uğur uzaq məsafədə qəndi tapan seçilmiş qarışqanın uğurudur, alidir. Həmin qəndi sürüyüb yuvaya aparmaq üçün məkandakı uğura ehtiyac var, yəni adi qarışqalara.

Böyük mədəniyyət üçün hər iki uğur lazımdır.

 





06.05.2025    çap et  çap et