Əslində, dövlət büdcənin mənimsənilməsi ilə bağlı faktlar ilk dəfə deyil ki, təqdim edilir. Hətta Hesablama Palatasının hesabatlarında da korrupsiya faktları ilə bağlı məlumatlar yer alır. Lakin «Turan» İA budəfəki araşdırması kifayət qədər ilginc məqamlara toxunub. Belə ki, tədqiqat nəticəsində dövlət büdcəsinin vəsaitlərinin dövlət strukturları tərəfindən talan edilməsinin klassik mexanizimini aşkar edilib. Məlum olub ki, bu prosesdə bir günlük yaradılmış şirkətlər fəal iştirak edib.
Ləğv edilən 88 şirkət Astara rayonunda doğulmuş iş adamı R.R.S. tərəfindən 2013-cü ilin fevral-avqust aylarında yaradılıb. Sosial şəbəkələrdə olan profilinə əsasən deyə bilərik ki, Bakı Biznes və Kooperasiya Kollecinin məzunu olan bu şəxs kifayət qədər təvazökar bir həyat tərzi sürür. Belə ki, 100-ə yaxın şirkət sahibi olan R.R.S. bahalı avtomobillərinin şəkillərini dostları ilə bölüşmür. Profel şəkilidə isə sadəcə yeni yağmış qarın üzərində uzanır…
Çox cüzi kapitalı (hər biri 10 manat) olan bu şirkətlər, demək olar olaraq bütün dövlət qurumlarının (Xarici İşlər Nazirliyi , Daxili İşlər, Təhsil , Səhiyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyaları Nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanları, Milli Elmlər Akademiyasının və s. dövlət strukturlarının) tender və kotirovkalarında iştirak edib və dərhal onların qalibləri olub. «Turan»nın hesablamalarına görə, R.R.S.-in indi ləğv edilən şirkətləri dövlət sifarişləri üzrə ümumi məbləği 3 milyon 677 min 569,72 manat olan 115 müqavilədə iştirak edib. Lakin bu rəqəmin daha çox olması ehtimalı qaçılmazdır. Həmin tenderlərin predmetinə xüsusi ixtisaslaşma tələb etməyən müxtəlif tədbirlərin təşkilindən tutmuş, malların alınmasına və işlərin yerinə yetirilməsinə kimi bütün növ fəaliyyət növləri daxildir. Məsələn, Sumqayıt səhiyyə müəssisələri bu şirkətlərlə 616 min 866 manat məbləğində müqavilələr bağlayıb.
Adi kadr potensialı olmayan şəxs tərəfindən külli miqdarda dövlət vəsaitlərinin talan edilməsi barədə sadə faktları, nədənsə, nə tender komissiyaları, nə də ki, nəzarət edən strukturlar «görməyib».