Vaxt.Az

Prezidentlərin Praqa görüşü regiona nə vəd edir?


 

Sammitdə iştirak edən iqtisadçı alim Vüqar Bayramov tədbiri dəyərləndirib

Prezidentlərin Praqa görüşü regiona nə vəd edir? «Rusiyanın təzyiqlərinə baxmayaraq aprelin 24-də Praqada təşkil edilən Şərqi Tərəfdaşlıq Sammitində dövlət başçılarının iştirakı regionda avrointeqrasiya prosesinin alternativsiz olduğunu bir daha təsdiq etdi» - bu sözləri hal-hazırda Çexiyada sözügedən tədbirdə iştirak edən Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin də iştirak etdiyi tədbirə bir sıra Avropa ölkələrinin dövlət başçıları qatılıblar. Hal-hazırda davam edən samitdə ikitərəfli danışıqlar təşkil edilməkdədir. Artıq dünən Prezident İlham Əliyev Çexiya paytaxtında bir sıra rəsmi görüşlər keçirib.

Vüqar Bayramovun sözlərinə görə, Praqa samiti Şərqi Tərəfdaşlıq Proqramına yeni nəfəs verdi: Moskva Çexiya paytaxtında ölkələrin nisbətən aşağı ranqda təmsil olunmasına çalışsa da proqrama üzv olan dövlətlərin əksəriyyəti ən yüksək səviyyədə tədbirə qatıldılar.

Forumun həmsədri bildirib ki, samitdə Şərqi Tərəfdaşlıq proqramına üzv olan ölkələrinin əksəriyyətinin dövlət başçılarının və eləcə də Avropa Birliyi rəhbərləri ilə yanaşı Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərinin prezidentlərinin də iştirakı tədbirin əhəmiyyətini göstərir. Ukraynada baş verən hadisələr fonunda Avropa Birliyi regiondakı dəyişikliklərə ciddi önəm verir və rəsmi Brüssel bu prosesdə bölgə dövlətlərinə daha yaxından dəstək vermək niyyətindədir. Rusiyanın bölgə ölkələrinə birbaşa və dolayı təzyiqlərinə rəğmən Şərqi Tərəfdaşlıq Proqramı strateji əhəmiyyətini qoruyub saxlamaqdadır.

Vüqar Bayramov bildirib ki, Praqa Sammiti Şərqi Tərəfdaşlıq Proqramının 5 illik yubiley tədbiri olduğu üçün hər hansı birgə bəyannamənin qəbul edilməsi gözlənilmir. Bununla belə, tədbirdə iki tərəfli və çox tərəfli görüşlər və o cümlədən prezidentlərin mətbuat üçün birgə brifinq keçirməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin samitdə iştirakı ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı daha da genişləndirəcəyindən xəbər verir. Prezident Əliyevin tədbir çərçivəsində keçirdiyi iki tərəfli görüşlərdə ölkəmiz ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanlı alim onu da əlavə edib ki, Praqada bu gün təşkil edilən tədbir eyni zamanda ötən ilin noyabrında keçiriləcək Vilnüs Sammitinin davamı kimi qiymətləndirilməlidir. Vilnüs samitindən sonra regionda baş verən dəyişikliklər regionda Avro-inteqrasiya prosesinə fərqli yanaşmanın vacibliyini ortaya qoyur. Növbəti ilin payızında Riqada keçiriləcək samitədək Avropa Birliyinin region ölkələri ilə bir çox məsələlər ilə bağlı anlaşmalar imzalayacağı gözlənilir.

 





24.04.2014    çap et  çap et