Vaxt.Az

Kəmiyyət deyil keyfiyyət


 

Çin-Pakistan bloku getdikcə daha strateji mövqeyə gəlir

Kəmiyyət deyil keyfiyyət Bu gecə Hindistanın Hərbi Hava Qüvvələri (IAF) “Sindur” kod adlı əməliyyat çərçivəsində Kəşmirin Pakistan nəzarətində olan hissəsində yerləşən bir sıra obyektlərə aviazərbələr endirdi.

Hindistan bu obyektlərin yaxınlarda turistlərə qarşı təşkil olunmuş terror aktında əli olan yaraqlı qruplara məxsus olduğunu bildirdi. Aviazərbələr zamanı “hava-yer” sinfinə aid qanadlı raketlər, eləcə də “Su-30MKI” və “Mirage-2000” təyyarələri ilə həyata keçirilmiş bombardmanlar tətbiq olundu.

Cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri (PAF) Çin istehsalı olan “JF-17 Block III” və “J-10C” qırıcılarının iştirakı ilə simmetrik olmayan cavab zərbələri endirdi və Hindistanın 5 təyyarəsini – iki “Su-30MKI”, bir “Tejas Mk1”, bir “Heron TP” pilotsuz uçuş aparatını və ehtimal ki, bir “Rafale B”ni vurdu. Hindistan tərəfi yalnız bir təyyarənin zədələndiyini etiraf etsə də, müstəqil mənbələr hələlik bu iddiaları təsdiqləməyib.

İnsident zamanı tərəflər aktiv radioelektron mübarizə şəraitində fəaliyyət göstərdi. Hindistan “Su-30MKI”lərinə “EL/L-8222” kompleksi quraşdırılmışdı, Pakistan isə “KJ-500” erkən xəbərdarlıq və idarəetmə təyyarəsi vasitəsilə “JF-17” və “J-10” qırıcılarını koordinasiya edirdi. Döyüş, yüksək dinamikalı və çoxsəviyyəli komanda-idarəetmə sistemləri çərçivəsində həyata keçirilən ilk real qarşıdurmalardan biri oldu.

Hindistan HHQ 2200-dən çox aviasiya vasitəsinə malikdir. Bunların içərisində 530-dan çoxu qırıcıdır: 272 ədəd “Su-30MKI”, 36 “Rafale”, 49 “Mirage-2000”, 40 “Tejas Mk1” və 60 “MiG-29UPG”.

İAF həmçinin israilli və rus mənşəli radioelektron mübarizə və erkən xəbərdarlıq sistemləri ilə təchiz olunub.

Pakistan HHQ təqribən 1400 aviasiya vasitəsinə, o cümlədən 350-yə yaxın qırıcıya malikdir: 76 ədəd “F-16C/D Block 50”, 70 “JF-17 Block III” və 50 “J-10C”. Pakistanın qırıcıları KLJ-7A tipli aktiv fazalı qəbuledici radarlarla (AFAR) və PL-15 tipli 200 km-dən artıq mənzilli “hava-hava” raketləri ilə təchiz olunub.

Hindistanın doktrinası genişmiqyaslı hücum əməliyyatlarına, platforma şaxəliliyinə və “kvant üstünlüyü”nə əsaslanır. Pakistan isə sınaqdan çıxmış Çin texnologiyasına, yüksək çevikliyə və real döyüş şəraitində effektli olan “şəbəkə əsaslı müdafiə” modelinə üstünlük verir.

6 may insidenti göstərdi ki, Çin istehsalı olan döyüş təyyarələri – “JF-17 Block III” və “J-10C” – real döyüş şəraitində Fransa və Rusiya istehsalı olan “Rafale” və “Su-30MKI”ləri texnoloji cəhətdən üstələdi. “J-10C”nin “Type 1473H” AFAR radar sistemi sayəsində “Rafale B”ni 150 km-dən çox məsafədən aşkarlayıb izləməsi və “PL-15” raketləri ilə onu Meteor raketlərinin mənzilinə daxil olmadan öncə hədəfə alması bunu sübut etdi.

“JF-17 Block III” isə “Tejas Mk1”dən həm radar imkanlarına, həm də rabitə müqavimətinə görə daha səmərəli çıxış etdi. Onun tətbiq etdiyi “SD-10A” raketi 18 km yüksəklikdəki hədəfi uğurla vurdu.

Hindistan təyyarələrinin avadanlıqları fərdi cəhətdən müasir olsa da, birlikdə koordinasiya olunmuş və şəbəkələşdirilmiş şəkildə işləmələri zəif idi. Pakistan isə “KJ-500” idarəetmə təyyarələri vasitəsilə döyüş zonasında real vaxtda informasiya mübadiləsi və yüksək səviyyəli idarəetməni təmin edə bildi. Bu, “Link-16” tipli NATO standartlarına bənzər səmərəli sistemin mövcudluğunu sübut edir.

Bu insident regionda strateji balansın getdikcə Pakistan və onun əsas tərəfdaşı Çin lehinə dəyişməyə başladığını göstərdi. Hindistan tərəfi sürətli cavab verə bilmədi və hadisə, onun Hərbi Hava Qüvvələrinin sistemli zəifliklərini – RLS inteqrasiyasındakı boşluqları, platformalararası koordinasiya problemlərini və informasiya üstünlüyü əldə etmə qabiliyyətinin məhdudluğunu ifşa etdi.

Hələlik nəticələr belədir:

Çin istehsalı olan “JF-17 Block III” və “J-10C” döyüş təyyarələri AFAR radarları, uzaqmənzilli raketlər və şəbəkə əsaslı idarəetmə sayəsində Hindistanın “Rafale” və “Su-30MKI” təyyarələrini texnoloji cəhətdən geridə qoydu.

Pakistan az sayda, lakin yüksək səmərəli aviasiya ilə daha genişmiqyaslı və çoxçeşidli Hindistan Hərbi Hava Qüvvələrinə qarşı üstünlük nümayiş etdirdi.

Hindistanın HHQ-də təcili islahatlara ehtiyac var: platformaların azaldılması və unifikasiyası, şəbəkə əsaslı idarəetmə sistemlərinin yaradılması və texnoloji uyğunluğun artırılması.

Regionda güc balansı artıq yalnız kəmiyyətlə deyil, keyfiyyət və şəbəkələşmə üstünlüyü ilə müəyyən olunur – bu isə Çin-Pakistan blokunu getdikcə daha strateji mövqeyə gətirir.

 





07.05.2025    çap et  çap et