Cildlərin ilk dördü şeir, beşi nəsr, ikisi ədəbiyyatşünaslıq, üçü publisistika və sonuncu – on beşincisi dünya poeziyasından tərcümələrdir.
Səliqə-sahmanımla öyünə bilmərəm. Bir çox əlyazmalarını saxlamamışam. Buna görə də bəzən hansı şeirimin hansı ildə yazıldığını müəyyənləşdirməkdə çətinlik çəkirəm. Seçilmiş əsərlərdə bunları düzəltməyə çalışdım. Amma tam dəqiqləşdirə bildiyimə əmin deyiləm. Güman edirəm ki, belə yanlışlıqlar ortaya çıxsa, oxucular məni bağışlayarlar, çox da önəmli məsələ deyil. Yazıları xronologiya üzrə düzməsəm heç buna ehtiyac qalmazdı...
Bu işə başlayanda elə bilirdim on beş kitab gen-bolluqla bütün yazılarıma bəs edəcək. Ancaq cildlər qalınlaşsa da yenə yazılarımın təxminən üçdə biri kənarda qaldı. 2022-ci ildən sonra yazdığım şeirlər, bir roman, bir povest, bir neçə pyes, bir neçə hekayə, sovet dövründə yazılmış publisistik yazılarım, dünya ölkələrinə səfərlərdə qələmə alınmış yol qeydləri, xatirələr, gündəliklərdən səhifələr, kinossenarilər, çıxışlarım bu cildlərə sığışmadı.
Daha 5 cild əlavə etsəm onları toparlaya bilərəmmi? Bilmirəm. Şükür qələm hələ işləyir…
Iş başa çatandan sonra baxdım ki, cildlərdə korrektura səhvləri də var. Vaxtım olsa, bəzi yazıları yenidən redaktə edərdim. Adətən mən yazdıqlarımı çap etdirəndən sonra onlara yenidən qayıdıb nəyisə dəyişmək istəmirəm, amma məncə bu, doğru deyil. Müəllif olaraq istənilən vaxt yazdığın mətnlərə bir də qayıda və dəyişiklik edə bilərsən.
Cildlərdəki əsərlər böyük keçid dövründə yazılıb. Hər nə qədər ideoloji basqıdan qorunmağa çalışsaq da, bəzi yazılarımızda həm müstəqillik, həm də torpaqlarımızı qorumaq uğrunda apardığımız mübarizələrin böyük ruhu hiss olunur.
Ömrüm boyu öz daxili azadlığımı qorumağa çalışmışam və hətta Sovet dövründə yazdıqlarım da milli azadlıq eşqindən doğulub. Azərbaycanın keçdiyi yol, bu gün yaşadığı sevinc və kədər, təzadlı taleyimiz hər zaman mənim əsas mövzum və ilham qaynağım olub. Ədəbiyyata həmişə milli taleyimizin və ictimai düşüncənin bir parçası kimi baxmışam; bunun toplum və ayrı-ayrı şəxslər tərəfindən necə dəyərləndirilməsi məni az düşündürüb. Savaş vaxtı qılıncın bərbəzəyi yox, kəsəri önəmlidir. Mənim savaşım – ana dilimizi, milli kimliyimizi və xalqımızın ləyaqətini qorumaq savaşıdır...
15-ci cildə toplanmış tərcümə əsərləri də milli maraqlarıma uyğundur. Məsələn, Kuba poeziyasından ancaq Kuba xalqının azadlıq mübarizəsini tərənnüm edən şeirləri çevirmişəm. Fələstin şairi Mahmud Dərvişin “Beyrut” poeması da eləcə. Böyük polyak şairi Adam Mitskeviçin şeir və poemalarını da yenə polyak xalqının mübarizə əzminin əks-sədası olduğuna görə seçmiş və dilimizə çevirmişəm.
İ.V.Hötenin “Şərq və Qərb” divanının tərcüməsini oxuyan dostlarım da “bu işə bu qədər qüvvə sərf etməkdənsə öz şeirlərini yazaydın!” dedilər. Açığı mən Divanı elə həvəslə, zövq ala-ala çevirmişdim ki, vaxtı hiss etməmişdim.
15 cildlik keçib gəldiyim yolu və yaradıcılıq həyatımın mürəkkəb mənzərəsini canlandırır. Bəlkə də heç bu qədər janr və mövzu müxtəlifliyinə ehtiyac yox idi. Amma nə etməli!
Bizim ömrümüz minilliklərin, yüzilliklərin qovşağında, ictimai sistemlərin dəyişildiyi və Azərbaycanın savaş içində ola-ola öz müstəqilliyini bərpa etdiyi bir dövrə düşdü. Mən şair ömrü yaşamadım. Bakıya gəldiyim gənclik illərindən həyatın burulğanına düşdüm. Tələbə ola-ola kitabxanaçı, fəhlə, qarovulçu işlədim. Sonuncu kursda isə artıq “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçiydim. Kirayə qaldığım evlər şəhərin bütün xəritəsini əhatə etdi.
Ehtiyac gəncliyimin əsas yoldaşı, ilhamımın barışmaz düşməni oldu. Yazmaqdan çox, dolanmaq qayğısı çəkdim. Amma nə ümidim azaldı, nə mübarizə eşqim soyudu. Saysız-hesabsız görüşlərdə daim millətin dərdindən danışdım. Onun bölünmüşlüyünü, azad olmadığını dilə gətirdim və o vaxtın şərtləri daxilində dediklərimi yazmağa çalışdım. Buna görə də millət 18 günlük aramsız meydan mitinqlərində başqalarını dinləməsə də, məni dinlədi. Xalqa inandığım kimi xalq da mənə inandı. Sonra otuz il parlamentdə xalqın səsi olmağa çalışdım. Bu otuz il ərzində çox şeylər dəyişildi, hakimiyyətlər, münasibətlər, amma mənim mövqeyim dəyişilmədi; çünki bu, şəxsi mövqe deyildi; xalqın taleyinə və gələcəyinə bağlı mövqe idi. Bu mənada Milli Məclisdə, eyni zamanda müxtəlif beynəlxalq qurumlarda, Dünya parlamentində, İslam Konfransı təşkilatının Parlament ittifaqında, Dünya Azərbaycanlıları Konqresinin toplantılarında etdiyim çıxışların Seçilmiş əsərlərə düşmədiyinə təəssüfləndim. Çünki həm o çıxışlar, həm də ictimai-siyasi fəaliyyətim dolayı yolla mənim bədii və publisist əsərlərimin də mahiyyətini anlamağa kömək edir.
Yolun başlanğıcında çox uğurlu bir ədəbiyyatşünas və ədəbi tənqidçi nüfuzu qazanmaqdaydım. Uğurlu bir ədəbiyyatşünas taleyim də ola bilərdi, lakin bunu da başladığımız mübarizə yoluna qurban verdim. Peşmançılıq duyğusu keçirməyin heç nəyi dəyişməyəcəyini bilirəm. Bu bir tale işidir və əslində millətə xidmət istəyi əsas götürüləndə elmi adlar, müxtəlif akademik titullar mənasını itirir.
Unudulmaz yolçuluqlar, fərəhli işlər sona çatanda nə qədər sevinsən, rahatlaşsan da, amma ürəyinə zərif bir qüssə də yol tapır. İşlərimizin, kitablarımızın sonu olsa da, sözümüzün sonu olmasın!...