Vaxt.Az

Babama çoxmu oxşayıram?


 

... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR

Babama çoxmu oxşayıram? Babamın da adı İbrahim, atasınınkı Nəbi idi. Mənim kimi İbrahim Nəbioğluydu.

1911-ci ildə Qazaxda, İncə Dərəsində, Qaymaxlıda doğulmuş,

1941-də – müharibənin ilk günlərində əsgərliyə çağırılmışdı.

Ehtimal ki, savaşa könüllü getməmişdi.

Dağlarda qaçaqçılıq edən biri bu rejim üçün bilərək özünü oda atardımı?

Bilmirəm…

Amma aparmışdılar,

Atmışdılar odun-alovun içinə...

Əminəm ki, kişi kimi də vuruşmuşdu…

Geri qayıtmadı.

Yazdılar ki, itkin düşüb:

“Пропал без вести”…

Vəssalam…

35 il yolunu gözlədilər.

Ən çox nənəmin gözü yol çəkdi.

Əmim, bibim, bacı və qardaşlarının gözləri saraldı gözləməkdən…

Atam ailə qurandan sonra olanların siyahısına anam, sonra mən və qardaşım da əlavə olunduq.

Bir bilsəniz necə gözləyirdim “adaşımın” yolunu.

Məktəbli ikən gecələr xəyallar qurur, keşkə babam əsir düşüb sağ qalaydı deyə düşünür, düşsə də bir gün əsirlikdən qaçıb qayıdacağına ümid edərdim.

Ancaq bu xəyalları quranda artıq nə əsirlik qalmışdı, nə də Hitler Almaniyası.

Görün babamın həsrətini necə çəkmişəm ki, belə əlçatmaz şeylər xəyal etmişəm…

1976-da isə bir məlumat aldıq,

Dünyalarım alt-üst oldu…

9 may haqda düşüncələrim qarma-qarışıqdır.

Babam İbrahim Nəbioğlu haqda yazmağa qərar verəndə onu neçə çətinliklə, gözlərim nəmlənərək, acı ilə yazacağımı təxmin etməmişdim.

Yazını Münhendə (Bavariya, Almaniyada) başlayıb, hər daşı musiqi olan Zalsburqda (Avstriya) almanların əhatəsində bitirmişəm...

II Dünya müharibəsinin bitməsinə illər deyil, aylar deyil...3 gün qala 5 may 1945-də şəhid olmuş İbrahim Nəbioğlu haqda yazırdım acı və istirab içində...

BABAMA ÇOXMU OXŞAYIRAM?

Ata nənəm uzun, amma mutsuz yaşadı. Üzünün güldüyünü heç görmədim. Babam müharibəyə gedəndə cəmi 26 yaşı vardı. Qazax hərbi komissarlığı babamı əvvəl Bakıya, oradan da birbaşa cəbhəyə göndərmişdi. Nənəm babamın yolunu müharibənin sonuna qədər gözlədi, zülmlə, çətinliklə 3 övlad böyütdü, ali təhsil verdi. Gözünün kökü saralana qədər gözü yol çəkdi, ancaq ümidi bitmədi, tükənmədi, gözlədi, heç olmasa “Qara xəbəri” gəlsin dedi, amma o da gəlmədi. Böyük oğlunu evləndirdi, ilk nəvəsi oldu, babasının adını qoydular ona…Artıq ona sarılaraq gözləyirdi həyat yoldaşının dönüşünü…

***

Atam doktorluq dissertasiyasının müdafiəsi ərəfəsində Moskvaya ezamiyyətə gedir. Onun “Nedra” nəşriyyatında kitabı — elmi monoqrafiyası çıxacaqdı. 1976-cı ilin may ayında, gözəl bir bahar sabahı qaldığı “Universitetskaya” mehmanxanasının restoranında (restoran otelin girişində yerləşir) qəhvəaltı edirmiş. Birdən mülki geyimdə iri cüssəli bir adam içəri girir, bağıraraq içki istədiyini deyir. Ona izah etməyə çalışırlar ki, günün bu saatında spirtli içki verilmir. Adam restoranı bir-birinə qatır, içki tələb edir. Atam oturduğu masadan qalxıb adamı sakitləşdirmək üçün öz yanına dəvət edir, Bakıdan dostları üçün gətirdiyi “Göygöl” konyakını çantasından çıxarıb masanın üstünə qoyur. Bir qədəhdən sonra adam özünə gəlir, atamla maraqlanır, Moskvaya gəliş səbəbini soruşur. Qalxıb gedəndə sabah səhər mehmanxananın önünə maşın göndərəcəyini deyir, atamı baş evinə 9 may Qələbə bayramını qeyd etməyə dəvət edir.

Ertəsi gün otelin resepsionundan atama zəng vurub, onu aşağıda gözləyən biri olduğunu deyirlər. Polkovnik rütbəsindəki bir hərbiçi atamı “Çayka”ya mindirib, Miçurin prospektindən Moskva ətrafındakı bağ evlərindən birinə aparır. Çaşqınlıq içində həyatında ilk dəfə mindiyi göstərişli “Çayka” bir müddət sonra dəbdəbəli özəl mülkün hündür darvazasından içəri girir. Bağ evinin həyətində atam onlarla general və hətta bir nəfər də marşalla qarşılaşır. Heç demə SSRİ Müdafiə nazirliyinin bir çox vəzifəlisi əsrarəngiz ev sahibinin qonağı imişlər. Kimsəni tanımayan atam anlayır ki, restoranda qalmaqal salan iri cüssəli adam kimdirsə çox “böyük” adamdır, özü də general-polkovnik rütbəsində.

Həyətdə açılmış uzun süfrədə sağlıqlar bir-birini əvəzləyir. Təbrik sağlığı üçün növbə atama gəlir. O da üzünü belə xatırlamadığı atasından, müharibədə itkin düşməsi və “Qara xəbərinin” belə gəlməməsindən danışır. Qədəhi yerə qoyub oturanda yanındakı zabit atama deyir ki, bəs dostun sənə atanı tapmağa niyə kömək eləmir. Atam da deyir ki, mən heç onun nəçi olduğunu bilmirəm, dünən bir təsadüf nəticəsində tanış olmuşuq. Adam əvvəlcə təəccüb edir, sonra da atama təbəssüm edərək belə deyir: “Sənin bəxtin üzünə gülüb, çünki atanı tapsa elə o tapacaq”.

“Universitetskaya”da şuluqluq salan general-polkovnik heç demə SSRİ Müdafiə Nazirliyi Baş Arxiv İdarəsinin rəisi imiş. Yəni, nəinki II Dünya müharibəsinin arxivi, hətta bütün Qızıl Ordunun tarixindən cavabdeh olan bir adam. 39 yaşlı atamın o anda orada nələr keçirtdiyini, ifadə etməyı çətinlik çəkirəm…

Moskvaya ezamiyyət bir həftə sonra bitir. Bu müddət ərzində generaldan xəbər-ətər çıxmır. Bakıya qayıdan atam son ümidi haqda kimsəyə bir söz etmir. Nəhayət, bir gün general zəng edir, babamın 1945-ci il may ayının 5-də Berlində küçə döyüşləri zamanı həlak olduğunu, Berlində ümumi məzarlıqlardan birində dəfn edildiyini deyir. Atamla anam donub qalırlar, bilmirlər sevinsinlər yoxsa yas tutsunlar. Atam bu xəbəri nə qardaşına deyir, nə da bacısına. Anasına demək isə heç ağlının ucundan belə keçmir…

***

Bir neçə il sonra “Tətbiqi riyaziyyat” ixtisasını seçib Neft və Kimya institutuna qəbul oldum. Birinci kursun sonunda Tələbə-İnşaat Dəstəsi ilə Stavropol vilayətinə, ikincidə isə Smolensk vilayətindəki Qaqarin şəhərinə işləməyə getdim. Məqsədim 3-cü kursu bitirib Tələbə-İnşaat Dəstəsi ilə Almaniya Demokratik Respublikasına (sosialist Almaniyası) getmək idi. O vaxt hər il 25 nəfər xüsusi seçilmiş tələbəni bu ölkəyə göndərirdilər. Atam institutumuzun professoru, kafedra müdiri olsa da planımı ondan saxladım, bütün sənədləri özüm hazırladım. Əla qiymətlərlə oxuyurdum, üçüncü kursu bitirdiyimdə qiymət kitabçamda cəmi bircə “dörd” vardı. Və ən nəhayət, çox sayda komissiyalardan keçəndən sonra güc-bəla ilə o 25 nəfərdən biri oldum. İçimizdə bir qız da vardı – indi bizim ən populyar televiziya aparıcımız olan gözəllər gözəli Nərgiz Cəlilova. 1981-ci ilin iyul ayında bir aylığına Almaniya Demokratik Respublikasına yola düşdük. Moskvada Berlin qatarına minənə qədər inanmırdım – xaricə gedirdim, hər şey mənə nağıl kimi gəlirdi.

On beş gün Almaniyanın Karl Marks Ştadt (indi Kemnits (alm. Chemnits) adlanır) şəhərində çalışdıq – Alman Dəmir yolları üçün kabel xətləri çəkirdik. İki həftə çalışıb 700 alman markı maaş aldıq. Qalan 15 günü isə bizi ölkəni gəzdirdilər – Drezden, Veymar, Rostok və Berlin.

Dişimi sıxıb Berlində keçirəcəyimiz son 3 günü gözlədim. Rostokdan Berlinə gəldiyimizdə bizi Humboldt universitetinin 5 ulduzlu otelə bənzəyən yataqxanasında yerləşdirdilər. 3 gündə ancaq “Aleks” adlandırdıqları Berlinin məşhur “Aleksanderplats” meydanını gördüm, qalan zamanımı isə Berlindəki sovet məzarlıqlarında babamın məzarını axtardım. Dostlarım doyunca gəzib əyləndilər, görmədikləri yer buraxmadılar. O vaxt kompüter sistemi yox idi, vaxtım məzarlıqdakı arxivlərdə keçdi. Babamı əvvəl adı, sonra da familiyası ilə axtardım tozlu qovluqlarda. Lakin onun izinə heç yerdə rast gəlmədim.

Berlində Hitler qədər Stalinə də nifrət etdiyimi anladım. Sonralar bu iki ruh xəstəsi cəllad haqda onlarla kitab oxudum, o tarixi öyrəndim, anlamağa çalışdım. Amma heç nə ilə təsəlli tapa bilmədim – babam Kapitulyasiya aktının imzalanmasına üç, Qələbənin elan edildiyi 9 maya isə dördcə gün qalmış həlak olmuşdu. İçimdə üsyan edirdim, amma üsyanı kimə və nəyə qarşı elədiyimi bilmirdim…

Nənəmə Almaniyaya getdiyimi söyləməmişdim. Berlindən ona güllü-çiçəkli bir yaylıq aldım. Moskvadan gətirdiyimi dedim, “Payın çox olsun, a qavağında ölüm” deyib, qız nəvəsinə verdi yaylığı. Elə bil nəsə hiss eləmişdi. Gözü yenə yol çəkirdi. Özümü tanıyandan belə idi Sənəm nənəm…

***

Gördüyüm bütün dəmir yol vağzalları hafizəmdə nədənsə qara rəngdə heybətli binalar kimi qalıblar. Tarixi Münhen vağzalı da belədir. Perronların başındakı rəngarəng kafe və mağazalara baxmayaraq hər şey mənə qaşqabaqlı və kədərli gəlir.

Sırtımda çanta 14-cü perronun ortasında dayanmışam. Birdən qarşımda dayanan Zalsburq qatarının par-par işıldayan korpusunda əksimi görürəm. Bel çantası ilə cəbhəyə yollanan əsgərə oxşatdım özümü. Tüklərim biz-biz oldu birdən, üzünü heç vaxt görmədiyim babam canlandı gözümün önündə – Qara Nəbinin oğlu İbrahim, 1941-ci ilin payızında Qazaxdan, İncə Dərəsindən çıxıb müharibəyə gedən atamın atası. Nənəm onu 2003-cü ilə qədər – vəfat etdiyi günə qədər gözlədi. 89 yaşı vardı son nəfəsini verəndə. Gün görməmiş təzə gəlin kimi köçdü getdi…

***

Atasız böyüyən mərhum atamı düşünürəm, çəkdiyi əziyyətlər, ürəyində daşıdığı nisgil gəlir ağlıma. Perrondan keçən almanları süzürəm, gözlərinin içinə baxmaq istəyirəm. Birdən hamısı gözümə alman əsgərinin hərbi geyimində görünürlər. Kimdir onlar, düşməndirlərmi? Bəlkə yanımda dayanan bu yekəpər almanın babası vurub mənim babamı? Bəlkə sizlərdən birinizin babasını da öldürən elə odur?

Bəşər tarixinə görkəmli humanist düşüncə adamları, nəhəng alim və sənətkarlar verən alman xalqı necə oldu ki, bir psixopatın, Hitler deyilən o paranoikin arxasınca getdi? “Deutsche Geist”, yəni o məşhur “Alman Ruhu” buna necə yol verdi? Doğrudanmı bu xalq yaratdı nasional-sosializmi?

Bir xalqın milli ruhu özünü şübhəsiz ki, ən çox dildə və musiqidə göstərir. Bunu düşünən insanın ağlına təbii olaraq Rihard Vaqner gəlməlidir, çünki bu dahi bəstəkar ölməz operalarında dil və musiqini birləşdirərək alman tarixində yeni bir səhifə açmışdır. Lakin Vaqnerin kədər dolu musiqisi insanı fərqli düşüncələrə yönəldir. Diqqət etmişəm, ingilis və fransızların Vətən, vətənpərvərlik mövzusundakı musiqisində əsas motiv hücum, zəfər və qələbədir. Almanlarda isə mahnılar həlak olmuş silah yoldaşları haqdadır, Nibelunqlar, cənazə mərasimləri və kədər, kədər, yenə də kədərdir. Vaqnerin musiqisini dinləyənin gözündən yaş gəlirsə, bilin ki, o, almandır. Bəs bu gün necə, almanlar keçmişlərinı tam mühasibədən keçirib, müharibədən 70 il sonra katarsisdən keçib təmizləniblərmi? O qan ləkəsini sildiklərinimi düşünürlər?…

Zalsburq sürət qatarının tərpənməsinə 15 dəqiqə qalır.

Vaqonun üzərindəki kölgəmə baxıram yenə.

Görəsən, babama çoxmu oxşayıram?

 





08.05.2025    çap et  çap et