FED ardıcıl üçüncü iclasında uçot dərəcəsini 4,25-4,5 faiz səviyyəsində saxlayıb. Ötən ilin sonunda ard-arda üç dəfə endirilən faiz o vaxtdan bəri dəyişməz qalıb.
Bir çox iqtisadçı və “Wall Street” investorları FED-in bu il daha iki və ya üç dəfə faiz dərəcələrini endirəyəcəyini proqnozlaşdırırdı.
Lakin Trampın tətbiq etdiyi geniş tariflər ABŞ iqtisadiyyatında və FED-in siyasətində böyük qeyri-müəyyənlik yaradıb.
FED-in həm yüksələn inflyasiya, həm də işsizlik riskini eyni vaxtda həll etməsi nadirdir. Lakin iqtisadçılar deyirlər ki, Trampın geniş tarifləri məhz bu təhlükəni yaradır.
Rüsumlar idxal olunan mal və xidmətləri bahalaşdırmaqla inflyasiyanı artıra bilər. Eyni zamanda, şirkətlər artan xərclər səbəbindən işçilərini ixtisar etdiyi üçün işsizlik arta bilər.
FED-in məqsədi qiymət sabitliyini təmin etmək və maksimum məşğulluğu dəstəkləməkdir.
Ümumiyyətlə, inflyasiya yüksəldikdə, FED faiz dərəcələrini yüksəltməklə borclanma və xərcləri yavaşladır. İşsizlik artdıqda, xərcləri və artımı təşviq etmək üçün isə faiz dərəcələrini aşağı salır.
“Apollo Group”unun baş iqtisadçısı Torsten Slok, “Növbəti altı ay ərzində inflyasiya əhəmiyyətli dərəcədə artacaq”, – deyib.
“Oxford Economics”in baş ABŞ iqtisadçısı Rayan Svit, ticarət siyasəti ilə bağlı qeyri-müəyyənliklər üzündən "yuxusunu itirdiyini" söylədi.
“Qaydaların nə olduğunu bilməyən bizneslərin ilk reaksiyası heç bir şey etməməkdir. Onların hazırda etdikləri tam olaraq budur”, – Svit deyib.
Lakin bu qeyri-müəyyənlik işə qəbulu və iqtisadiyyatı yavaşladırsa və ya işsizliyi artırarsa, FED sürətlə faiz dərəcələrini azaltmağa keçə bilər. Kəskin iqtisadi yavaşlama inflyasiyanı öz-özünə soyuda bilər.
Mart ayında FED bu il iki dəfə dərəcələri endirə biləcəyinə işarə etmişdi. Lakin o vaxtdan bəri Tramp administrasiyası FED-in gözlədiyindən daha böyük və daha geniş tariflər tətbiq etdi.
Pauell etiraf etdi ki, bu vergilər həm artımı ləngidə, həm də qiymətləri qaldıra bilər; Bu, FED-i çətin vəziyyətə salır.
"Qiymət sabitliyi olmadan biz güclü məşğulluq şərtlərini uzun müddət saxlaya bilmərik”, – Pauell deyib.