“The Guardian” xəbər verir ki, elektrik stansiyasına dəyən zərərlə bağlı ilkin hesabatda bildirilir ki, stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) fövqəladə işlər üçün 25 milyon avro fondu var. Bununla belə, ekspertlər strukturun təmiri və bununla bağlı işlərin xeyli baha başa gələcəyini deyirlər.
Ukraynanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi də öz icmalında AYİB-in hazırkı maliyyələşdirməsinin kifayət etməyəcəyini bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) fevral ayında Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktorunu qoruyan təhlükəsizlik sipərini dron vurduğunu açıqlamışdı. Bunun da qoruyucu metal kapsulun damında yanğına səbəb olduğu bildirilir. Yanğının söndürülməsinə iki həftəyə yaxın vaxt sərf olunub.
1986-cı ildə nüvə fəlakətinin baş verdiyi 4-cü reaktordan qalan radioaktiv tullantıları qorumaq üçün 2016-cı ildə tikilən sipər təxminən 1,5 milyard dollara başa gəlib.
Hücumdan sonra Ukrayna və Rusiya bir-birini günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücumu “Kiyev rejiminin əvvəlcədən planlaşdırılmış təxribatı” kimi qiymətləndirib. Ukrayna iddiaları rədd edərək, hücumun Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən həyata keçirildiyini bildirib.
Ukrayna prokurorları dronların marşrutunu araşdıraraq hücumun ehtimal ki, qəsdən Rusiya qüvvələri tərəfindən həyata keçirildiyini müdafiə ediblər.
“Greenpeace” Ukraynanın nüvə eksperti Şaun Burni, hücumun “onilliklərlə davam edəcək nəticələri” olacağını söylədi.
Bildirilir ki, Ukraynanın nəzarətində olan Pripyatdakı Çernobıl elektrik stansiyasını qoruyan kapsuldakı dəlik ilkin olaraq müvəqqəti yamaq ilə bağlanacaq. Yazılır ki, qoruyucu səthinin tam təmiri ancaq sülh yaratmaqla mümkündür.