Vaxt.Az

“Simulyasiyada yaşayırıq”


 

Bizim reallıq “Matrix”dəki kimi inkişaf etmiş bir sivilizasiyanın yaratdığı kompüter oyunu ola bilər

“Simulyasiyada yaşayırıq” İngiltərənin Portsmut Universitetinin fizikası Melvin Vopson cazibə qüvvəsini yenidən şərh edən əlamətdar bir araşdırma aparıb. Vopson, kainatın özünü nizamlamağa çalışdığını və bunun “simulyasiya”ya bərabər ola biləcəyini iddia eib.

Vopson “AIP Advances” jurnalında dərc olunan məqaləsində cazibə qüvvəsini birbaşa qüvvə kimi deyil, kainatın özünü daha nizamlı etmək cəhdi kimi təsvir edir. Bu yanaşma kainatın kompüter simulyasiyası olub-olmaması ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

***

Vopson görə, kainat məlumatların sıxılmasını və hesablama səmərəliliyini təmin edən kompüter alqoritmi kimi işləyir: “Bu iş məlumatın sıxılması və hesablama optimallaşdırılmasını həyata keçirən kainatın başqa bir nümunəsidir. Bu, kainatın simulyasiya və ya hesablama quruluşu ola biləcəyi ehtimalını dəstəkləyir”.

Bu fikir 2000-ci illərin əvvəllərində filosof Nik Bostromun irəli sürdüyü fərziyyəyə bənzəyir ki, bizim reallıq “Matrix” filminə bənzər inkişaf etmiş bir sivilizasiyanın yaratdığı kompüter simulyasiyası ola bilər.

Vopson məqaləsində daha əvvəl irəli sürdüyü “informasiya dinamikasının ikinci qanunu” konsepsiyasına da istinad edir. Bu qanuna görə istənilən sistemin entropiyası ya sabit qalır, ya da zamanla artır. Vopson iddia edir ki, kainatda cazibə qüvvəsi, məlumatları təşkil edən və sıxan bir kompüter kimi maddəni bir araya gətirərək entropiyanı azaltmağa çalışır.

***

“Cazibə qüvvəsini təkcə cazibə qüvvəsi kimi deyil, həm də kainatın nizamlı qalmaq cəhdi kimi düşünmək yeni perspektiv təklif edir”, – deyən Vopson, kvant mexanikasında ən kiçik kosmik həcmlərin, kainatda məlumat saxlayan elementar hüceyrələrin maddənin koordinatlarını təyin etdiyini irəli sürür. Bu struktur rəqəmsal oyunda və ya virtual reallıq proqramında piksellər kimi fəaliyyət göstərir.

Hər bir hüceyrənin birdən çox zərrəciyi yerləşdirə bilməsi sistemin məlumat məzmununu minimuma endirmək səyinin nəticəsi olaraq görülür: “Kosmosda bir çox cismin mövqeyini və impulsunu izləmək əvəzinə, bir obyektin vəziyyəti ilə məşğul olmaq hesablama baxımından daha səmərəlidir. Beləliklə, cazibə qüvvəsi informasiyanın sıxılmasına xidmət edən başqa bir hesablama mexanizmi kimi görünür”, – Vopson deyib.

Simulyasiya nəzəriyyəsinin tərəfdarlarından biri olan Vopson, 2022-ci ildə nəşr olunan başqa bir araşdırmasında zamanla “COVID-19” virusunun genomlarında azalan entropiyanı təsbit etdiyini iddia etmişdi və eyni zamanda, məlumatı kainatdakı maddənin beşinci forması olaraq təyin edən başqa bir mübahisəli araşdırması ilə diqqət çəkmişdi.

Lakin bu cür iddiaların elmi ictimaiyyətdə nə dərəcədə qəbul ediləcəyi hələlik bəlli deyil.

 





08.05.2025    çap et  çap et