Buna baxmayaraq, nasizm üzərində qələbə Ukrayna və ukraynalılara azadlıq və firavan həyat gətirmədi. Müharibədən sonra kommunist sistem ukraynalıları yenidən aclıqla sınağa çəkdi, Qərbi Ukraynada repressiyaların miqyası artdı, tatarlar Krımdan sürgün edildi. Ukraynada acı tarix yenidən təkrarlanır. Rusiya 2014-cü ildə əvvəlcə Krımı ilhaq etdi, 8 il sonra Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Rusiya Prezidenti Vladimir Putinin “bir neçə günə Kiyevi ələ keçirib, hakimiyyəti dəyişib məsələni həll edərik” planı alınmadı. Müharibə dördüncü ilinə keçib və Rusiyanın işğalçı ordusu Ukrayna ərazisində ilişib qalıb, gündəlik itkiləri minlərlə hərbçidir. Əlbəttə, Ukrayna da itirir, şəhərləri bombalanır, hərbçiləri və mülki insanları ölür. Ancaq Ukrayna böyük qonşusu qarşısında təslim olmur, müqavimətini davam etdirir, hətta Rusiyanın hava limanlarını xaosa sürükləyib, təyyarələr havaya qalxa bilmirlər. Rusiyanın hava sahəsi təhlükəsiz deyil. Ona görə də, Prezident İlham Əliyev Putinin 9 may paradına qatılmamaqla doğru və strateji qərar verdi. Böyük Vətən müharibəsinə 600 min azərbaycanlı cəlb olunub və onların yarısı geri qayıtmayıb. Bu mənada Böyük Vətən müharibəsindəki qələbədə azərbaycanlıların da payı böyükdür. Azərbaycan nefti olmadan SSRİ faşist Almaniyası üzərində necə qələbə əldə edə bilərdi?
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, bunu İlham Əliyev hər fürsətdə səsləndirir, Moskvada 9 mayda paradda iştirak isə dolayısıyla işğalçıya dəstək mənasını verə bilərdi. Üstəgəl dekabr ayında Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin raketlə vurulmasına Moskva aydınlıq gətirməyib. Bütün bunları nəzərə alaraq Böyük Vətən müharibəsində qələbəni Bakıda qeyd etmək, ənənəvi olaraq Şəhidlər Xiyabanındakı Həzi Aslanovun heykəlinə çələng qoymaq, sağ qalan veteranlarla görüşmək Moskvada paradda iştirak etməkdən əhəmiyyətlidir.