Roman ayrı-ayrı novellaların ardıcıllığından ibarətdir. Bu kitabın qəhrəmanlarının çoxunun real prototipləri var, lakin onların əsl adları buraxılmış, yaxud inisiallarla əvəz olunub. Süjet belədir: bir çox cəhətdən Oeyə oxşayan K. adlı yazıçı kitabda İa adlanan xəstə oğlunu real dünyada yaşamağa hazırlamaq qərarına gəlir. Müəllif oğlanı hermetik kitab aləminə yerləşdirməklə onu real dünyadan təcrid etməyə çalışır. Orada, uydurulmuş durumların çərçivəsində oğlan daha yüksək nitq qabiliyyətinə malikdir, baş verən hadisələrə daha canlı maraq göstərir və atasına real həyatda qavraya bilmədiyi dərslər verir və burada bəzi gözlənilməz nəsnələr meydana çıxır. Atalıq borcuna son dərəcə sadiq olmasına baxmayaraq, K. heç də ideal tərbiyəçi deyil. O, oğlundan, güclə danışa bilən bu məxluqda partlaya biləcək amansızlıqdan qorxur. K. başa düşür ki, onun qorxusu özünün içindəki demonlarla bağlıdır, lakin onları İanın köməyi olmadan dəf edə bilmir. Bir növ rollar dəyişir; oğul nəinki “ailənin qoruyucu mələyi” qismində böyüyür, o həmçinin atasına özlərinin ümumi bədbəxtliklərini dəf etməyə kömək edir və ona bir çox mühüm şeylər öyrədir.
Kendzaburo Oe Nobel nitqində İrland şairi, Nobel mükafatı laureatı Uilyam Yitsin “Tərəddüd” poemasından bu misraları söyləyir və yaradıcılığında ona borclu olduğunu bildirir:
Bir ağac var, uca zirvəsinədək,
Yarısı bütün alov, yarısı yaşıl.
Nəmli yarpaqları şehlə islanıb...
Sonra əqli çatışmazlığı olan oğlundan danışır: “Hikari quşların köməyi ilə Bax və Motsartı kəşf etdi. Nəhayət, o öz musiqisini yaratdı. Oğlumun yazdığı ilk əsərlər təravət və nəşə ilə dolu idi. Hikarinin musiqisi yaşıl yarpağın üstündə bərq vuran şehi xatırladırdı. Həmin əsərlər müəllifinin məsumluğunu əks etdirirdi.
Hikari bəstələməyə davam edirdi, bir müddət sonra mən onun musiqisində fəryadın və qaranlıq ruhun səsini eşitməyə başladım. Əqli çatışmazlığına baxmayaraq, inadkarlığı sayəsində o öz əsərlərini cilaladı, bəstəkarlıq texnikasını və musiqi anlayışını dərinləşdirdi. Beləliklə, Hikari qəlbinin dərinliklərindəki, bu vaxta qədər sözlə ifadə edə bilmədiyi kədəri kəşf etdi.
“Qaranlıq ruhun və fəryadın səsi” gözəldir. Bu səsi musiqidə əks etdirməklə Hikari öz ruhunu müalicə edir. Beləliklə, mənim incəsənətin müalicəvi gücünə inanmaq üçün əsasım var.
Mənim bu inamım özünü hələ tam doğrultmayıb. Cismim zəif olsa da, mən iyirminci əsrdə texnologiya və nəqliyyatın nəhəng inkişafının nəticəsi olan bütün səhvlərə bu inamın köməyi ilə sinə gərmək istərdim. Magistraldan uzaq, təcrid edilmiş əyalət həyatı yaşayan bir insan kimi mən, nəcib və humanist olduğuna ümid etdiyim xidmətlərimlə bəşəriyyətin sağalmasına kömək etməyin yollarını axtarıram”.
Böyük yazıçının maraqlı bir müsahibəsini təqdim edirəm:
– Bir neçə əsəriniz gənclərə həsr olunub. Sizcə, gənclər dünya haqqındakı fikirlərin nizamlanmasında hansı rolu oynamalıdırlar?
– Yeni romanımım sonunda baş qəhrəman yeni xeyriyyə cəmiyyəti yaradır. Bu, nə xristian, nə də buddist təşkilatıdır, lakin onların üzvləri gənclərin xilası üçün çalışırlar. Cəmiyyətin lideri ardıcılları qarşısında İncili-Efeslilələrə məktubu oxuyur. Efeslilərdə iki söz var: Yeni insan. İsa peyğəmbər yeni insan idi. Biz köhnə insanın köhnə qiyafəsini əynimizdən çıxarmalıyıq. Biz yeni insana çevrilməliyik. Yalnız yeni insan nəyəsə qadirdir. Qəhrəmanımın gələcəklə bağlı proqramı yoxdur, lakin o bilir ki, biz yeni insan yaratmalıyıq. Gənclər yeni insan olmalıdırlar. Qocalar yeni insanın yaranmasına vasitəçilik etməlidirlər. Bu, mənim şüarımdır. Mən həmişə gənclər haqqında fikirləşirəm.
– Tələbələr gələcəyə necə hazırlaşmalıdırlar? Yazıçı olmaq üçün nə etməlidirlər?
– Onlar hər şeydən əvvəl səmimi və azad olmalıdırlar.
– Quş kimi?
– Bəli. İkincisi onların güclü təxəyyülü olmalıdır. Onlar başqalarının simasını mənimsəməli deyillər, öz simalarını yaratmalıdırlar. Səmimiyyət və təxəyyül: yaxşı cavan olmaq üçün bunlar kifayətdir.
– Müəllim Şigerto haqqında yazırsınız: “O, ifrat ümidə və ifrat məyusluğa qapılmadan, sadəcə bacardığı qədər əzablarına qatlaşmağa çalışırdı” və əlavə edirsiniz. “O, əsl insan idi”.
– Müəllimim hər zaman mənə deyirdi: “Humanizm nədir?” Bu gün humanizm hədsiz ümidsizlik və hədsiz məyusluqdan azad olmaq deməkdir. Qədərincə ümid, qədərincə kədər. Müasir humanist modeli budur”. Bunlar mənim müəllimimin sözləri idi. Mister Şigetoya bu haqda danışdım, cavab verdi: “Bəli, həyat artıq bunu mənə öyrədib”.