Söhbət 1915-ci il hadisələri zamanı «Osmanlı torpaqlarından köç etmək məcburiyyətində qalıb Türkiyə vətəndaşlığını heç qazana bilməyən və ya daha sonra itirmiş» ermənilərin nəvələrinə vətəndaşlıq haqqı tanınmasından gedir.
Təklifin ilk müəlliflərindən olan tarixçi Sait Çətinoğlu BBC Azərbaycancaya deyib ki, Çankaya köşkü erməni Kasabyana məxsus olub və onun varislərinə qaytarılmalıdır.
Vətəndaşlıq təklifi
Ermənilərə vətəndaşlıq verilməsini irəli sürən layihə ilə bağlı ilk fikir yanvar ayında Ankarada keçirilmiş bir toplantıda meydana gəlib.
Düşüncəyə Özgürlük Girişiminin (Düşüncəyə Azadlıq İnsiativi) təşkil etdiyi toplantıda «Osmanlı dövründə köç etmiş və ya etməyə məcbur olmuş Osmanlı vətəndaşı ermənilərin dünyanın müxtəlif yerlərində yaşayan nəvələrinə Türkiyə Respublikasının vətəndaşlığının bərpa olunması» təklif edilib, «Hürriyyət» qəzeti yazır.
Osmanlı vətəndaşı olan ermənilər 1964-cü ildə qəbul olunmuş Vətəndaşlıq Qanunu ilə Türkiyə vətəndaşlığından çıxarılıblar.
«Bu qanun Osmanlı dövründə Türkiyədən çıxarılmış ermənilərə və onların övladlarına şamil edilmədi. Biz onların vətəndaşlıqlarının bərpa olunmasını istəyirik» - Sait Çətinoğlu deyir.
Cənab Çətinoğlunun sözlərinə görə, bu təklif artıq Türkiyə parlamentində də sənədləşdirilib. «Barış və Demokrasi Partiyasının təmsilçisi Erol Dora müvafiq qanun layihəsini parlamentə təqdim edib.
«Bu qanun Osmanlı dövründə Türkiyədən çıxarılmış ermənilərə və onların övladlarına şamil edilmədi. Biz onların vətəndaşlıqlarının bərpa olunmasını istəyirik».
O deyir ki, «sürgün olunmuş insanların övladları da türk vətəndaşı sayıldıqları üçün onların da vətəndaşlıqları geri qaytarılmalıdır».
«Vətəndaşlıq haqlarının bərpası ilə bağlı təklifiniz təzminat tələbini də nəzərdə tuturmu» sualına cavabında təklif müəllifi deyib ki, mülkiyyət haqlarına qəsb edilmiş ermənilərin bu haqlarının bərpası da «son dərəcə normal işləmdir».
Çankaya köşkünə iddia
Ankarada türk vətəndaşlığından çıxarılmış erməni Ohanes Kasabyana məxsus iki saray var, cənab Çətinoğlu deyir.
Onun sözlərinə görə, onlardan biri Çankayada Cümhurbaşkanlığı köşkünün içində, digəri də Keçiörəndə Vehbi Koç varislərinin əlində muzey kimi istifadə edilir.
«Kasabyan türk vətəndaşlığından çıxarılmış erməni olub. Onun ailəsi yaşayır - bu köşklər onlara qaytarılmalıdır» - Çetinoğlu iddia edir.
Çankaya Köşkü Türkiyə Respublikası prezidentinin rəsmi iqamətgahıdır. Məlumatlara görə, köşkün tikildiyi torpaqlar Ohanes Kasabyan adlı erməni zərgərinə məxsus olub.
Baş nazir Recep Tayyip Erdoğanın «1915-ci il hadisələri ilə bağlı verdiyi başsağlığı mesajı» ilə bağlı Çetinöğlu deyib ki, «başsağlığı ilə paralel digər işlər də aparılmalıdır».
«İlk ağızdan belə bir başsağlığının erməni xalqına çatdırmaq son dərəcə önəmlidir. Amma təbii ki, bunun davamı olmazsa, heç bir məna ifadə etməz. Biz bunun davamının gəlməsini və bu başsağlığı ilə paralel digər işlərin də aparılmasını istəyirik», - deyib Sait Çətinoğlu.
«Digər işlər» sırasında isə o, «ermənilərin vətəndaşlıq haqlarının geri qaytarılması və bundan irəli gələn haqların tanınması, soyqırımın tanınması, soyqırımdan zərər çəkmiş insanlara gərəkli diqqətin göstərilməsi» kimi məsələlərin vacib olduğunu vurğulayıb.
«Bir-birinə yaxın olan iki xalqın bir-birindən bu qədər uzaq durmasının bir anlamı yoxdur. Əslində, xalqın böyük bir bölümünün yox edilməsinə Türkiyənin jest göstərməsinin zamanı keçdi», Sait Çətinoğlu əlavə edib.
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan I Dünya müharibəsində Osmanlı ordusu tərəfindən öldürülən ermənilərin nəvələrinə başsağlığı verib.
Ölümlərin 99-cu ildönümü ərəfəsində verdiyi bəyanatda cənab Ərdoğan 1915-ci ildə baş verən hadisələri «qeyri-insani» adlandırıb.