Mənim üçün xüsusilə maraq doğuran məsələ, 26 ildir İmralı adasında məhbus həyatı yaşayan PKK lideri Abdulla Öcalanın taleyidir. Çünki Şərqdə fiqurlar təşkilatlardan daha önəmli və həlledicidir. Öcalan kultu və ideoloji baxışları təkcə PKK çərçivəsində deyil, ümumilikdə kürd siyasi həyatında çox böyük çəkiyə malikdir. Lakin uzunmüddətli həbs Öcalanın həm PKK, həm də kürd siyasi hərəkatı üzərindəki real təsirlərini sıfıra endirib. Bu mənada, Öcalan yəqin ki, yenidən səhnəyə qayıtmağa çalışır və barizdir ki, “ikinci kürd açılımı” 75 yaşlı Öcalanın azadlığa çıxması üçün son şansıdır. Şübhə etmirəm ki, mövcud şərtlərdə Öcalan azadlığa çıxmaq qarşılığında PKK-nı ləğv etmək məsələsində tərəddüd etsin.
Daha da maraqlısı, Öcalan həbsdən çıxsa, hansı yolu seçəcək? Təqaüdə yollanacaq, yoxsa Türkiyədə aktiv siyasətə qoşulacaq? İnanmıram ki, Öcalan kimi bir fiqur xüsusi missiya verilmədən həbsdən buraxılsın. Bu mənada, həbsdən çıxdıqdan sonra Türkiyə-Qərb razılığı əsasında Öcalana Suriyadakı kürd strukturuna rəhbərlik etmək də həvalə oluna bilər. Yəni, İraqdakı Barzani modeli Suriyada Öcalan modeli kimi tətbiq edilə bilər.
Təbii ki, bunlar sadəcə mülahizələrdir. Onu dəqiq demək olar ki, Türkiyə siyasətini olduqca çalxantılı günlər gözləyir.