Vaxt.Az

Ali məktəb müəllimləri yoxlanmalıdır


 

Universitetlərdə tələbənin və dövlətin aldadılması baş verir

Ali məktəb müəllimləri yoxlanmalıdır Azərbaycanda dövlət universitetlərində ingilis bölməsində təhsilin vəziyyəti ciddi tənqidə layiqdir. Rəsmi olaraq “ingilis bölməsi” adlandırılan ixtisaslarda dərslər əksər hallarda Azərbaycan dilində keçirilir, müəllimlər ingilis dilində dərs aparmaq bacarığında deyillər, tələbələr isə 4 il ərzində bu dili öyrənə bilmədən məzun olurlar. Nəticədə DİM-in magistr imtahanında bu bölməni bitirən yüzlərlə tələbə hətta minimum 5 bal belə toplaya bilmir.

Bu vəziyyət qanunvericiliyə də ziddir. “Təhsil haqqında” Qanuna əsasən, təhsil hansı dildə aparılırsa, dərslər də həmin dildə keçirilməlidir. Əgər diplomda “ingilis bölməsi” yazılırsa, amma təlim Azərbaycan dilində aparılırsa, bu, tələbənin və dövlətin aldadılmasıdır.

Problem sistemlidir: bu bölmələr kağız üzərində “beynəlxalq” görünmək üçün açılır, lakin nə real tədris mühiti, nə də metodoloji baza mövcuddur. Dünya təcrübəsində isə – məsələn, Finlandiya, Niderland və Almaniyada – ingilis bölməsi olan ixtisaslarda tələbənin dili bilib-bilməməsi təkcə danışıq yox, yazı, təqdimat, analiz və akademik ünsiyyət bacarığı ilə ölçülür.

Bu fırıldaqdan çıxmaq üçün universitetlərdə ingilis bölmələri üzrə ciddi audit aparılmalı, dərs deyən müəllimlərin dil bacarıqları yoxlanmalı, tələbələrə isə real dil təlimi və akademik yazı bacarıqları verilməlidir. Əgər bu dəyişiklik edilməzsə, “ingilis bölməsi” təhsilin inkişafı yox, onun saxtalaşdırılmasının başqa bir adı olaraq qalacaq.

 





13.05.2025    çap et  çap et