Vaxt.Az

Rusiya Qərbin çağırışına isti yanaşmır


 

Zaxarova: “Ukrayna ordusuna nəfəs vermək üçün atəşkəs istəyirlər”

Rusiya Qərbin çağırışına isti yanaşmır Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, “Qərb ölkələri Ukrayna ordusuna nəfəs aldırmaq üçün zaman qazanmaq istəyir və 30 günlük atəşkəsdə israr edir”.

Mətbuat katibi Zaxarova yazılı açıqlamada Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin 9 dekabr 2019-cu ildə Parisdə yalnız bir dəfə görüşdüyünü bildirib.

Zaxarova bəyan edib ki, Normandiya formatında keçirilən bu görüşdə Zelenski əvvəllər razılaşdırılmış sənədi imzalamaqdan imtina edib.

“O, bütün təmas xətti boyunca silahlı qüvvələrin geri çəkilməsi ilə bağlı müddəanın aradan qaldırılmasını tələb etdi. Əvəzində o, qüvvələrin yalnız 3 sahədə çıxarılacağı ilə bağlı bəyanatlarda israr etdi. Lakin sonradan bu öhdəlikləri belə yerinə yetirmədi”.

Qeyd edək ki, 2014-2022-ci illər arasında Donbas bölgəsindəki müharibəni və Rusiya-Ukrayna müharibəsini həll etmək məqsədi ilə bir araya gələn dövlətlər qrupu Normandiya formatı adlanırdı.

***

Zaxarova bildirib ki, Ukrayna rəsmiləri 2022-ci ilin avqustunda verdiyi bəyanatlarda heç bir öhdəlikləri yerinə yetirməyi planlaşdırmadıqlarını və bunun əvəzinə Rusiya ilə müharibəyə hazırlaşdıqlarını etiraf etmişdilər.

Xarici İşlər Nazirliyinin sözçüsü iddia edir ki, Ukrayna o zaman müharibəyə hazırlaşarkən Almaniya və Fransa tərəfindən dəstəklənirdi.

“Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland heç kimin Minsk razılaşmalarını yerinə yetirməyi planlaşdırmadığını və Ukraynanın Donbas məsələsini güc yolu ilə həll etməyə hazırlaşdığı bir vaxtda bu razılaşmaların vaxt udmaq üçün lazım olduğunu etiraf etmişdilər”.

Minsk razılaşmaları Ukrayna, Rusiya və regiondakı separatçı qrupların nümayəndələrinin iştirakı ilə Belarusun paytaxtı Minskdə Donbas müharibəsinə son qoymaq məqsədi daşıyan bir sıra beynəlxalq müqavilələr idi.

***

Zaxarova vurğulayıb ki, Minsk razılaşmaları ilə bağlı vəziyyət yenidən baş verir: “İndi eyni ölkələr Rusiya ilə münaqişəni davam etdirmək üçün Ukrayna ordusunun nəfəs alması və hərbi imkanlarını bərpa etmək üçün 30 günlük atəşkəs elan etməyə çağırır”.

 





13.05.2025    çap et  çap et