Vaxt.Az

Tramp ərəblərin “sarı siminə” toxundu


 

ABŞ prezidenti körfəz ölkələrinin sərmayəsinə göz dikib

Tramp ərəblərin “sarı siminə” toxundu ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində tarixi əhəmiyyətli çıxış edib. Tramp ABŞ-ın son onilliklərdə Yaxın Şərqə hərbi müdaxilələrini tənqid edərək deyib ki, regionu tanımayan şəxslər region ölkələrini yenidən qurmağa çalışıblar, lakin nəticədə daha çox ölkəni dağıdıblar. Tramp region ölkələrinin ənənələrinə və elitlərinin baxışlarına hörmət edilməli olduğunu vurğulayaraq, bölgədə müdaxiləçi olmayan siyasət izləyəcəyinə işarə edib.

Görünən odur ki, Tramp ABŞ-Çin soyuq müharibəsi çərçivəsində Ərəb dünyasının rəğbətini qazanmağı hədəfləyir. Təbii ki, Tramp ilk növbədə Körfəz Ərəblərinin əlindəki misilsiz sərmayəni ABŞ iqtisadiyyatına yönləndirmək istəyir. Trampın Körfəzdəki ikinci məqsədi isə bizi daha yaxından maraqlandırır – neftin dünya bazarında qiymətini tənzimləmək.

Məlumdur ki, Tramp hökuməti neftin qiymətinin mümkün qədər azaldılmasına çalışır. Tramp hakimiyyətə gəldiyi yanvar ayından bu yana dünya bazarında neftin qiyməti 80 dollardan 60-a qədər geriləyib. Tramp neftin qiymətinin ucuzlaşmasını həm ölkəsindəki inflyasiyanı azaltmaq üçün başlıca vasitə kimi görür, həm də Putini Ukraynada dayandırmaq üçün rıçaq kimi istifadə etmək istəyir. Tramp inanır ki, neftin qiymətinin ucuzlaşması Putini danışıqlara məcbur edəcək.

Bu baxımdan, 4 günlük Körfəz səfəri çərçivəsində ABŞ prezidenti Ərəb liderlərlə ortaq məxrəcə gələ bilsə, neftin qiyməti daha sürətli ucuzlaşmağa davam edəcək. Trampın İran ilə nüvə danışıqlarına maraq göstərməsi də bu çərçivədə oxuna bilər. Əgər burada razılıq əldə olunsa, sanksiya altındakı İran nefti yenidən dünya bazarına çıxacaq ki, bu da qiymətləri daha ucuzlaşdıra bilər. Ehtimal ki, İranın ardınca Tramp Venesuella neftini də dünya bazarına qaytarmağa çalışacaq.

Həm Rusiya-Ukrayna müharibəsinin dayanması, həm də neftin stabil şəkildə ucuzlaşması Azərbaycan üçün ciddi təhdidlər vəd edir…

 





13.05.2025    çap et  çap et