Vaxt.Az
Təhsil Nazirliyindəki ağır cinayət...
...Yenidən məhkəməyə qaytarıldı
Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov barələrində olan cinayət işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.APA-nın məlumatına görə, buna zərərçəkmiş şəxslərdən birinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün məhkəməyə müraciət etməsi səbəb olub. Həmin məsələyə birinci instansiya məhkəməsində baxılmalı olduğundan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət ediblər.
12.06.2013 çap et