16 yaş — məktəb yaşındakı, hələ formalaşmaqda olan bir qız uşağıdır. Onun gələcəyi, arzuları, azad seçimi var. 33 yaş isə artıq yetkin, həyatın məsuliyyətini dərk edən bir insan yaşdır. Bu iki yaş arasında ailə deyil, yalnız təzyiq, zorakılıq və travma olar. Əgər bu cür münasibətlərin adı hələ də “evlilik” kimi təqdim olunursa, biz böyük bir faciənin içindəyik.
İnsan vicdanı susmamalıdır. Bu, sadəcə bir ailənin daxili işi deyil. Bu, bütöv bir cəmiyyətin gələcəyinə vurulan zərbədir. Bu, uşaq haqlarının tapdanması, qadınların iradəsiz hala salınmasıdır. Qız uşaqlarını qorumaq təkcə dövlətin işi deyil, bizim — hər birimizin borcudur.
Valideynlər, qohumlar, icma ağsaqqalları – bu cür cəhdlərə “göz yummaq”, “adətdir” deməklə bir cinayətə şərik olurlar. Biz bu səssiz razılığı qırmalıyıq.
Cəmiyyət olaraq bir sual verməliyik – sabah sizin 16 yaşlı qızınıza 33 yaşlı bir kişi “namizəd” olsa, susarsınızmı?
Susmayaq. Çünki bu səssizlik bir uşaq həyatına başa gələ bilər.