Vaxt.Az

Avropada cənnət sona çatdı


 

Qitə ölkələrində məcburi hərbi xidmət geri qayıdır

Avropada cənnət sona çatdı Avropada müharibə qorxusu artır. Rusiyanın Ukraynaya təcavüzündən sonra qitədə müdafiə refleksləri sərtləşsə də, ölkələrin strategiyaları da dəyişir.

Almaniyanın müdafiə naziri Boris Pistorius könüllülərin sayının yetərli olmadığı təqdirdə məcburi hərbi xidmətin bərpa oluna biləcəyini açıqlayıb. Federal Parlamentdə yeni hökumət dövrünün ilk çıxışını edən müdafiə naziri Pistorius, bu il könüllülərə əsaslanan yeni bir hərbi işə qəbul proqramına başlayacaqlarını açıqlayıb. Bununla belə, o qeyd edib ki, könüllü iştirak gözləntilərdən aşağı olarsa, məcburi hərbi xidmətin bərpası qaçılmaz ola bilər: “İlkin olaraq, könüllülük əsasında davam edəcəyik. Məqsədimiz gəncləri vətənə xidmətə təşviq etməkdir. Lakin müraciətlər kifayət qədər olmasa, müxtəlif variantları nəzərdən keçirməli olacağıq”.

Almaniya 2011-ci ildə məcburi hərbi xidməti dayandırıb. Bununla belə, təhlükəsizlik balanslarının dəyişməsi və geosiyasi risklər Berlinin hərbi strategiyalarını yenidən formalaşdırmasına səbəb olur.

***

Pistoriusun çıxışı təkcə hərbi strategiyanın dəyişməsi deyil, həm də Avropa təhlükəsizlik arxitekturası üçün mühüm siqnaldır. Donald Trampın ABŞ-da prezidentliyi və NATO-ya sadiqliyini şübhə altına alan ritorikası Almaniyanı və qitənin bir çox ölkəsini təhlükəsizlik baxımından ayaq üstə durmağa məcbur edir.

Nazir vurğulayıb ki, Almaniya Fransa, Böyük Britaniya və Polşa ilə birlikdə Avropanın təhlükəsizliyində liderlik rolunu öz üzərinə götürməyə hazırdır: “Avropanın təhlükəsizliyi ilk növbədə avropalıların üzərinə düşür”.

 





15.05.2025    çap et  çap et