Virtualaz.org saytı xəbər verir ki, bu barədə həmin mərkəzdən haqqin.az saytının redaksiyasına göndərilmiş press-relizdə məlumat verilir (yeri gəlmişkən, oxucular AİHMM-in həmin geniş hesabatının tam mətni ilə haqqin.az saytında tanış ola bilər).
«Freedom House» 1972-ci ildən etibarən dünyada azadlıq və insan haqları üzrə indekslər tərtib edir. Təşkilatın hər yeni hesabatı ilin əvvəlində dərc olunur ki, ötən ilə dair bütün faktları əhatə edə bilsin.
AİHMM ekspertlərinin «Freedom House»nin builki hesabatına maraq göstərməsinin səbəbi var. Bu da qurumun həmin hesabatı kəskin tənqid etməsi ilə bağlıdır. Yada salaq ki, «Freedom House» İlham Əliyev hökumətinin ardıcıl tənqidçilərindəndir.
Qeyd edək ki, «Freedom House» öz hesabatının «demokratiya, azadlıqlar və insan haqları üzrə ən ilkin və nüfuzlu hesabat» olduğunu iddia edir. AİHMM ekspertləri isə bu hesabatın hazırlanma metodologiyasını kəskin tənqid ediblər. Onlar hesab edirlər ki, istənilər analoji sənədin hazırlanmasının ən birinci və zəruri şərti balansın gözlənilməsi və qərəzsizlikdir. Belə hesabatlar hazırlanarkən obyektivlik tam təmin olunmalı, birtərəfliliyin qarşısını almaq üçün milli ekspertlərin, habelə tənqid hədəfi seçilən qarşı tərəfin rəyləri nəzərə alınmalıdır. Habelə müxtəlif ölkələr eyni meyarlardan çıxış edilərək qiymətləndirilməməlidir.
AİHMM ekspertləri «Freedom House»nin hesabatını analiz edərkən onu da vurğulayıblar ki, «Dünyada azadlıqların vəziyyəti» indeksi üzrə hesabat beynəlxalq ekspertlər tərəfindən hazırlansa da onun hazırlanması prosesində milli (yerli) mütəxəssislərin rəyləri nəzərə alınmayıb.
Strasburqlu ekspertlər «Freedom House»nin Qafqaz ölkələri üzrə mövqeyinin birtərəfli olduğuna xüsusi diqqət yetiriblər. AİHMM-in təhlilində deyilir: «2008-ci ildə Ermənistanda keçirilən prezident seçkiləri zamanı hökumət dinc etiraz aksiyalarını və nümayişləri güc tətbiqi yolu ilə amansızcasına yatırdı. Amma Ermənistanın adı «Freedom House»nin hesabatında «qismən azad ölkələr» siyahısında saxlandı. Ermənistan qiymətləndirmədə 5 bal almışdı. Halbuki Ermənistanla eyni bal alan Azərbaycanın adı «azad olmayan ölkələr» siyahısına daxil edilmişdi».
Avropalı ekspertlər «Freedom House»nin ikili standartlarla işləməsinə dair daha bir parlaq nümunə göstəriblər: «2013-cü ildə alman polisi Hamburqdakı icazəli mitinqi qəddarlıqla dağıtdı. Amma bu fakt nəzərə alınmadı və Almaniya «Freedom House»nin siyahısılndakı öncül yerini qorudu».
AİHMM-nin analitik məqaləsində «Freedom House»nin Fransa, Danimarka, Niderland, Belçika, İsveçrə kimi ölkələrdə insan haqlarının pozulmasına dair faktları təhrif etməsinə və oradakı proseslərə ikili standartlardan çıxış etməsinə də geniş yer verilir. «Freedom House»nin ekspertlərinə ayrı-ayrı ölkələrə dair meyarları seçərkən ehtiyatlı olmaq məsləhət görülür. Yazıda o da bildirilir ki, Harvard Universitetinin (ABŞ) apardığı xüsusi araşdırma da «Freedom House»nin hesabatlarının qüsurlu və subyektiv olduğunu, reallıqla əksər vaxtlarda uzlaşmadığını ortaya çıxarıb.
AİHMM hesabatda daha bir vacib məqama xüsusi diqqət ayırıb. «Freedom House»nin maliyyələşməsində əsas yeri ABŞ hökuməti tutur və bu təşkilatın qəyyumlar şurasının üzvlərinin əksəriyyəti yüksək rütbəli amerikalı məmurlardır.
«Bu fakt isə beynəlxalq aləmdə siyasi müşahidəçilər və ekspertlər tərəfindən həmişə kəsin tənqid olunub. Belə haqlı qənaətlər var ki, ABŞ dövlət hakimiyyəti ilə və sağçı təşkilatlarla bu sıx bağlılığı «Freedom House»ni öz hesabatlarında və ayrı-ayrı ölkələrə münasibətdə həddən artıq qərəzli və birtərəfli olmağa məcbur edir. «Freedom House»nin ABŞ dövləti tərəfindən yaradılması faktı bu təşkilata neytral mövqe tutmağa mane olur» - deyə AİHMM-in analitik yazısında deyilir. (Virtualaz.org)