Vaxt.Az

AKTA tramplin olub


 

Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib

AKTA tramplin olub Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) idarə heyətinin sabiq sədri Elvin Balacanov Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilib.

Balacanov fəaliyyətini DTX-nın son zamanlar fəaliyyətini xeyli gücləndirən Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzində davam etdirəcək.

Xatırladaq ki, Elvin Balacanovun iki ay bundan öncə  AKTA İdarə Heyəti sədri olaraq işindən ayrılması haqqında məlumat verilmişdi. Elvin bəy iki ildən çox olardı ki, AKTA-ya rəhbərlik edirdi.

Belə görünür ki, sektrodakı dövlət qurumlarının da yaxından iştirakı ilə formalaşan və ölkənin kiber ekosisteminin inkişafında müsbət rol oynayan AKTA hökumət üçün də bir tramplin rolunu oynayır.

AKTA-nın bünövrəsini qoyan və ilk rəhbəri olan Rahid Ələkbərov da iki il öncə Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinə təyinat almışdı.

Elvin bəyin rəhbərliyi dövründə Assosiasiya sektorun institutlaşmasında mühüm rol oynamış,  kibertəhlükəsizlik sahəsində bir sıra uğurlu təşəbbüslərə imza atmış, ekosistemin  inkişafına və yerli ekspert potensialının formalaşmasına xeyli töhfə vermişdi.

Yeri gəlmişkən, son illərdə Azərbaycanda dövlət sektorunda kibertəhlükəsizlik sahəsində ciddi addımlar atılıb – kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahısı müəyyən edilib, müvafiq qanunvericilik bazası və qaydalar formalaşdırılıb, DTX nəzdində Milli Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.

Bu istiqamətdə səlahiyyətlər əsasən DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) həvalə olunub. Artıq DTX həm dövlət, həm də özəl sektorda kritik qurumlarla daha sıx işləməyə başlayıb, təqdimatlar edib və texniki həllər irəli sürülüb.

Sektorda yetərincə təcrübəyə malik olan Elvin bəyin təyinatı ilə düşünürəm ki kibertəhlükəsizlik sahəsində və kritik infrastrukturda işlər daha da canlanacaq.

Bu keçidi həm də vətəndaş cəmiyyəti ilə dövlət strukturları arasında daha məhsuldar əməkdaşlıq üçün yeni mərhələ saymaq olar.

Xatırladaq ki, artıq bir müddətdir ki, AKTA-ya Pənah Musayev rəhbərlik edir. O, əvvəllər  AKTA-da ekspert və  “CASPEL” şirkətində kibertəhlükəsizlik məsələləri üzrə məsul şəxs olaraq çalışıb.

 





15.05.2025    çap et  çap et