Vaxt.Az

Düyünün qiyməti niyə düşmür?


 

1 ton uçun 94 dollar ucuzlaşan ərzaq məhsulu, pərakəndə satışda bahalaşıb

Düyünün qiyməti niyə düşmür? Dünya bazarında düyünün qiyməti 2020-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Birja məlumatlarından aydın olur ki, hazırda düyü qiymətləri 100 funt üçün 12 dollara yaxınlaşıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin may hesabatına əsasən 2025-26-cı məhsul ilində ümumi düyü istehsalı Hindistan, Banqladeş və Çindəki artımlar hesabına rekord göstəriciyə – 538,7 milyon tona yüksələcək.

Hindistanda əkin sahələri azalsa da, düyü istehsalının ardıcıl onuncu il üçün rekord həddə çatacağı gözlənilir.

Qlobal düyü istehlakı da əsasən Hindistan, Banqladeş, Filippin və Nigeriyada artan tələbdən irəli gələn rekord 538,8 milyon ton səviyyəsində proqnozlaşdırılır. Daha rəqabətli yem taxıl qiymətləri yem üçün düyü istifadəsini məhdudlaşdırdığından Çində istehlakın az dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan da düyünün nisbətən çox istehlak olunduğu ölkələr sırasındadır. Bu ilin birinci rübündə ölkəyə xaricdən böyük hissəsi Hindistandan olmaqla, 17 milyon dollar dəyərində 17,6 min ton düyü idxal olunub. Bir tonun idxal qiyməti 963,2 dollar təşkil edib. Ötən ilin eyni dövründə 1 ton düyünün idxalına 1057,1 dollar xərc çəkilmişdi. Dünya bazarındakı və idxal dəyərindəki ucuzlaşmaya baxmayaraq, Azərbaycan bazarında bu məhsulun qiyməti düşməyib. 

 





15.05.2025    çap et  çap et