Söhbət 2000-ci ildə imzalanmış Assosiasiya Sazişindən gedir. Bu sənəd Avropa Birliyi ilə İsrail arasında ticarət münasibətlərinin, elmi əməkdaşlığın, diplomatik və mədəni əlaqələrin əsasını təşkil edir və illik təqribən 50 milyard avro dəyərində ticarəti əhatə edir.
Həmin saziş çərçivəsində İsrail “Horizon” elmi proqramında iştirak edir, tələbə mübadiləsi üzrə “Erasmus” təşəbbüsünün üzvüdür, “açıq səma” aviasiya razılaşmasına qoşulub və əksər məhsullar üçün gömrük rüsumları tətbiq olunmur. Lakin bu komponentlərin hamısı hazırda təhlükə altındadır.
Kurs dəyişikliyinin əsas səbəbi İsrail Nazirlər Kabinetinin ötən həftə təhlükəsizlik məsələləri üzrə təsdiqlədiyi, Qəzza sektorunun bir hissəsinin “uzun müddətlik” işğalını və son aylar ərzində anklava ərzaq və humanitar yardımın daxil olmasına qadağanı nəzərdə tutan plan olub.
İlk xəbərdarlıq siqnalını Niderland verdi – ölkənin xarici işlər naziri Kaspar Veldkamp bəyan etdi: “Biz qırmızı xətt müəyyən etməliyik”.
Veldkamp İsrailin Assosiasiya Sazişinin 2-ci maddəsinə – insan haqları və demokratik prinsiplərə hörmət göstərilməsini tərəflər üçün əməkdaşlığın əsası kimi müəyyən edən müddəaya – əməl edib-etmədiyini yenidən nəzərdən keçirməyə çağırdı.
Niderlandın təşəbbüsünə Finlandiya, İsveç və Fransa da dəstək verdi.
Gözlənilir ki, Portuqaliya, Belçika və Malta da onlara qoşulacaq.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen qeyd etdi: “İsrail həm hüquqi, həm də mənəvi baxımdan Qəzzaya humanitar yardımın buraxılmasına icazə verməyə borcludur. Blokadanın davam etməsi qəbuledilməzdir”.
Fransa isə 2-ci maddə çərçivəsində araşdırmanın başlanmasını rəsmi şəkildə dəstəklədi. Xarici işlər naziri Jan-Noel Barro bildirdi: “Bu, qanuni tələbatdır. Komissiya onu nəzərdən keçirməlidir”.
Məsələnin müzakirəyə çıxarılması üçün yekdillik tələb olunmur – AB-yə üzv ölkələrin sadə əksəriyyəti kifayətdir.
Artıq bir neçə dövlət təşəbbüsü dəstəkləyib və məsələ yaxın çərşənbə axşamı – AB-nin xarici işlər nazirlərinin iclasında gündəliyə daxil edilə bilər.
ABŞ prezidenti Donald Trampın İsraili ziyarət etmədən Yaxın Şərqə etdiyi səfər və Vaşinqtondan gələn İsrailin Qəzzadakı siyasətinə yönəlmiş üstüörtülü tənqid fonunda, Avropa ölkələri yəhudi dövləti ilə açıq qarşıdurmada daha inamlı hiss edirlər.
Avropa İsrail hökumətinə təzyiq göstərmək üçün iqtisadi təsirindən istifadə etməyə çalışır. Bu zaman bir sıra ölkələrin hökumətləri özləri də Qəzza ilə bağlı daxili ictimai təzyiq altındadırlar.