«Birincisi, müasir təhsil sistemləri ilə
müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. Akademik
tədrisdə 8 həftə çox uzun müddətdir. Təbii olaraq biz tədris ilinin 8 həftəlik
uzadılmasını nəzərdə tutmuruq. Amma aydındır ki, dərs ilinin bu qədər qısa
olması nəticə etibarilə şagird nailiyyətlərinə təsirsiz ötmür. Müəyyən mənfi
təsirləri var. İkinci səbəb bundan ibarətdir ki, eyni fənlərin, və ya akademik
proqramların keçirilməsi tədris ili qısa olduğu zaman bir günə və ya bir
akademik həftəyə toplanır, bu da şagirlərin daha çox yüklənməsinə səbəb olur.
Bizim tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu
istiqamətdə müsbət təsir göstərəcək».
Təhsil naziri şagirdlərin sinifdən-sinfə
keçirilməsi ilə bağlı yeni qərardan haqda da danışıb. Mikayıl Cabbarov
jurnalistlərə açıqlamasında qeyd edib ki, şagirdlərin sinifdən-sinfə
keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətinin təmin olunmasıdır. «Burada
məntiq çox sadədir. Bu qərara əsasən, bir sıra fənlər üzrə qeyri-kafi qiymət
alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir. Fərz
edin ki, əgər şagird 8-ci sinif proqramını mənimsəmirsə, onun 9-cu sinifdə
uğurla təhsil alması təbii olaraq suallar doğurur. Formallıq hesabına şagirdi
sinifdən-sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə
etibarilə vətəndaş kimi həyatda yer tapmasına xidmət etmirik».
Nazirin sözlərinə görə, Təhsil
Nazirliyinin təşəbbüsü ilə 9-11-ci siniflərdə istər attestatların, istərsə də
şəhadətnamələrin verilməsi təmin olunur: «Bu nöqteyi-nəzərdən liberal
yanaşmanın tərəfdarıyıq. Bu təbii olaraq təhsilin keyfiyyətinin azaldılması
hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil verməyə xidmət
etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur».
Mikayıl Cabbarov eyni zamanda məktəblərdə ilahiyyat dərslərinin keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ gündəmdə deyil.