Vaxt.Az

Həbsxanalar doldu-daşdı


 

Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür

Həbsxanalar doldu-daşdı Fransada həbsxanalarda doluluq nisbətinin artması ilə əlaqədar hökumət Avropanın digər ölkələrindən məhbuslar üçün kameraların icarəyə götürülməsini nəzərdən keçirir.

Həbsxanaların həddən artıq tutumunun kritik həddə çatması ilə Avropanın ən çox məhbus sayına malik ölkələrindən birinə çevrilib. 1 aprel 2025-ci il tarixinə 62.358 tutumlu ölkə həbsxanalarında 82.921 məhbus saxlanılır. Son məlumatlara görə, kameralarda yataq yeri olmadığından minlərlə məhbus yerdə yatmağa məcbur olur. Avropa Şurasının 2024-cü il məlumatlarına görə, Kipr və Rumıniyadan sonra Fransa həbsxana əhalisinin ən sıx olduğu və məhbusların ən pis şəraitdə saxlandığı üçüncü ölkədir.

Bu ciddi vəziyyətlə üzləşən hökumət müxtəlif alternativlər üzərində işləyir. Gündəmdəki ən diqqətçəkən təkliflərdən biri də həbsxana kameralarının digər Avropa ölkələrindən icarəyə götürülməsidir.

***

Fransa Prezidenti Emmanuel Makron mayın 13-də bildirib ki, o, digər Avropa ölkələrindən həbsxana kameralarının icarəyə verilməsi ideyasına razıdır. Makronun “Bu mövzuda heç bir tabu yoxdur” sözləri ilk olaraq ədliyyə naziri Cerald Darmaninin mart ayında “Journal du Dimanche”ə verdiyi müsahibədə gündəmə gətirilmişdi.

Lakin ideya hələki reallaşmayıb. Məhkumların hansı ölkələrə göndəriləcəyi, qanunvericilik bazası, hansı cinayətlərə görə mühakimə olunduqları və göndəriləcəkləri ölkələrdə hansı hüquqi qaydaların tətbiq ediləcəyi kimi bir çox suallar cavab gözləyir.

***

Son illərdə Danimarka Kosovoda 300 məhbus tutumu olan həbsxananı 10 il müddətinə icarəyə götürüb; Belçika daha əvvəl 2010-2016-cı illər arasında Hollandiyanın Tilburq həbsxanasında oxşar təcrübə tətbiq edib.

İsveç Estoniya və Hollandiya ilə həbsxananın icarəsi ilə bağlı danışıqları davam etdirir. Böyük Britaniyada Estoniya ilə oxşar əməkdaşlıq zaman-zaman gündəmə gəlsə də, hələlik rəsmi qərar verilməyib.

***

Mənbələrə görə, Fransa əcnəbi məhbusları ilk növbədə Şərqi Avropa ölkələrinə göndərməyi planlaşdırır. Ancaq bu tətbiq dil maneələri, məhbusların hüquqları, işçilərlə münasibətlər və yüksək xərclər kimi ciddi problemlər yaradır. Üstəlik, sözügedən tətbiqin yalnız çox az faydalı ola biləcəyi ifadə edilir.

 





17.05.2025    çap et  çap et