Əsas səbəblərdən biri isə bilirsiniz nədir?
Çünki Rusiyanı tarixi həqiqətləri zorlayan, tarixi faktları Kremlin xeyrinə təhrif edən Putin kimi, Lavrov kimi, Narışkin kimi, Patruşev kimi psevdo-”tarixçi”lər idarə edirlər və onlarla heç cürə anlaşmaq, ortaq məxrəcə gəlmək, ədalətli sülh bağlamaq mümkün deyil.
Əslində, onların heç biri ixtisasca tarixçi deyil. Orta və ali məktəblərdə təhsil alarkən də tarix fənnindən ən yaxşı halda “3”, ya da “4” ala biliblər. Ancaq indi Rusiyanın hakimiyyət zirvəsinə dırmaşa bilməklərindən istifadə edib tarixçilik həvəsinə düşüblər və Bismarkın sözüylə desək, onlar əvvəlcə torpaqları işğal edir, sonra isə qondarma “tarixi fakt”lara əsaslanmaqla həmin torpaqları “qədim rus torpağı” elan edir, öz işğalçılıqlarına haqq qazandırırlar.
Son vaxtlar Rusiyanın baş diplomatı Sergey Lavrov da bu azara, “tarixçilik xəstəliyi”nə yoluxub. O, bugünlərdə mətbuat brifinqində Rusiya-Ukrayna sülh danışıqlarının perspektivləri barədə danışarkən tarixə ekskurs edib və deyib ki, ukraynalılardan fərqli olaraq “monqol-tatarlarla insan kimi danışıb anlaşmaq mümkün olmuşdu” (“с татаро-монгольским игом получилось по-человечески договориться”).
Əvvəla, bu, Rusiya xarici işlər nazirinin tərəfindən monqol-tatarlara qarşı təhqiramiz münasibətdir, irqçi yanaşmadır.
İkincisi isə, biz bu epizodda tarixi həqiqətin Lavrov tərəfindən həyasızcasına təhrif olunması faktı ilə üz-üzəyik. Çünki Qızıl Orda xanı Toxtamış və ondan əvvəlki sərkərdələr rus knyazlıqları ilə (Lavrovun iddia etdiyi kimi) heç də bərabərhüquqlu tərəf kimi danışıqlar aparıb saziş-filan imzalamamışdılar. Onlar rusları kölə kimi, vassal kimi tanıyaraq onların üzərinə məcburi mükəlləfiyyətlər, öhdəliklər qoymuş, xərac təyin etmişdilər. Bu həqiqəti bütün tarixi qaynaqlar da təsdiqləyir.
Lakin hamının bildiyi bu gerçəkləri danmaq üçün gərək Lavrov kimi ağ yalançı olasan və tarixi zorlayasan.
Və nəhayət, üçüncü məqam: Bu gün sülh danışıqlarını müxtəlif bəhanələr və oyunlarla “dalan”a salan, uzadan tərəf də Ukrayna yox, məhz Rusiyadır. Putinin gündə bir yeni “sülh” planı cızması, Trampla “siçan-pişik” oyununa rəvac verməklə danışıqlar prosesini növbəti dəfə iflasa uğratması artıq heç kimə sirr deyil. Və bu halda Lavrovun ukraynalıları sülh prosesini ləngitməkdə ittiham etməsi, onlarla dil tapmağın mümkün olmadığını bildirməsi heç bir mənəvi-əxlaqi çərçivələrə sığmır.
Ümumiyyətlə, Kremldəkilər utanıb-qızarmadan yalan söyləməyi artıq gündəlik normaya, adi həyat tərzinə çeviriblər. Bu adamların saxta “tarixçi”lik vərdişləri isə insanları tarixdən iyrəndirir.
P.S. Tarix elmini siyasi maraqların girovuna çevirmək əsla yaxşı iş deyil. Hitlerin də “tarixçi”lik hobbisi vardı. Aqibəti isə hər kəsə bəllidir...