Saytın məlumatına görə, A.Əsgərova balaca məbləğli vəsaitlərlə bağlı belə sərəncam vermək yasaqlanıb: A.Əsgərovun hətta hesabdan hesaba pul köçürmək hüququ da əlindən alınıb. Nəqliyyat naziri Ziya Məmmədov QSC-nin maliyyə fəaliyyətini tam nəzarətə götürüb. Bu da müəssisə ilə müqaviləsi olan şirkətlər arasında çox ciddi problemlər yaradıb.
Sayt yazır ki, A.Əsgərov yalnız Z.Məmmədovun razılığı əsasında maliyyə vəsaitlərinin köçürülməsi ilə bağlı sənədlərə imza ata bilər: «Buna görə də A.Əsgərov arzuolunmaz duruma düşüb. Cəmiyyətin tenderlərində qalib gəlmiş bəzi şirkətlər gördükləri işlərin pulunu ala bilmir. Z.Məmmədov həmin şirkətlərin A.Əsgərov və QSC-nin başqa rəhbər şəxsləri ilə maliyyə maxinasiyalarına yol verdiyini əsas götürərək ödənişləri dayandırıb. Buna görə də əvvəllər milyonlar üzərində asanlıqla sərəncam verən A.Əsgərov indi 40-50 min manatı sərbəst ödəmək iqtidarında deyil. Ona görə də bəzi şirkətlər məhkəməyə üz tutmağa məcbur olub. Belə şirkətlərdən biri də «ATEF Şirkətlər Qrupu» MMC-dir. Bu şirkət «Azərbaycan Dəmir Yolları» QSC-ni məhkəməyə verib. QSC-nin şirkətə 306 min manat borcu var. Borc çəkişməsinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Apelyasiya Məhkəməsindədir. İddia hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. Növbəti proses mayın 15-ə təyin edilib».
Mənbənin məlumatına görə, QSC-də baş verənlər A.Əsgərovun tezliklə vurulacağı ehtimalını gücləndirib: «Artıq o, səlahiyyətsiz bir durumdadır, güman ki, Z.Məmmədov tezliklə onu bitirəcək».
Məlumatla bağlı QSC-dən münasibət öyrənmək mümkün olmayıb.
Son vaxtlar nəqliyyat naziri Z.Məmmədov bir sıra səlahiyyətlərindən məhrum olub. Bir neçə gün öncə Baş nazir Artur Rasizadə «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası»nda dəyişiklik edilməsi haqqında qərar verib. Qərarda əsasən, iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsinə nəzarət Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilib. Bir qədər öncə isə Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində «BakuBus» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar vermişdi. Bu qərarla paytaxtda sərnişin daşınmasının təşkili Bakı şəhər İcra hakimiyyətinə həvalə edilib.
İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus «Transqeyt» şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti meriyanın nəzarətinə keçdi.
Böyük ehtimalla sürətlə maliyyə qaynaqları qapadılan Z.Məmmədov tabeçiliyində olan müəssisələr üzərində maliyyə nəzarətini sərtləşdirməklə itirdiklərini kompensasiya etmək niyyətindədir. Nəqliyyat sektoruna daxil olan müəssislərdən yalnız 2-si Z.Məmmədovun nüfuz dairəsinə daxil idi. «Azərbaycan Dəmir Yolları» QSC və «Azəryolservis» ASC. Qalan nəqliyyat müəssisələrinin («Azərbaycan Hava Yolları» QSC, «Xəzər Dəniz Gəmiçiliyi» QSC, «Bakı Metropoliteni» QSC) Nəqliyyat Nazirliyinin tabeçiliyində olması formal xarakter daşıyırdı. Ancaq bir qədər öncə nazirliyin əsas müəssisəsi olan «Azəryolservis» ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb. Düzdür, formal olaraq ASC-nin səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsusdur. Ancaq ASC-nin sədri Cavid Qurbanov ölkənin ikinci soyadı ilə qohumluq münasibətləri qurduqdan sonra hakimi elitada mövqeyini xeyli gücləndirib. O artıq yuxarı instansiyalara birbaşa hesabat verib. Yəni onun Z.Məmmədova tabeçiliyi formal xarakter daşıyır. Vaxtilə ASC Z.Məmmədovun əsas maliyyə qaynağı sayılırdı. Yol tikinti və təmirinə ayrılan dövlət investisiyalarını «Azəryolservis» nəzarət edir. Yeri gəlmişkən, son 8 ildə «Azəryolservisə» 7 milyard manat, bu il isə 1,3 milyard manat ayrılıb. İndi bu nəhəng pulların xərclənməsinə nəzarət Ziya Məmmədovdan alınıb. Odur ki, Z.Məmmədov nüfuz dairəsinə olan yeganə dövlət müəssisəsinə «Azərbaycan Dəmir Yolları» QSC-yə nəzarəti sərtləşdirməyi qərara alıb.
Ümumiyyətlə, son dövrlər Ziya Məmmədov itirə-itirə gedir. Bir qədər öncə oğlu Anar Məmmədova məxsus olan «Bank of Azərbaycan» ASC-də onlardan alınaraq «Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədova mülkiyyətinə keçirilib. Bu onu göstərir ki, Z.Məmmədovun hakimiyyətdəki mövqeləri getdikcə zəifləyir. Z.Məmmədov isə heç olmasa «Azərbaycan Dəmir Yolları» QSC-ni əlində saxlamağa çalışır. (musavat.com)