Vaxt.Az

Qafqazdan Qərbə


 

“Qoca qitə”də güc nümayişi

Qafqazdan Qərbə Avropa Birliyinin (AB) keçmiş administrasiyasının ölkəmizə təzyiqləri fonunda Azərbaycanın Avropa ilə münasibətlərində geriləmənin xroniki xarakter alacağına dair mülahizələr özünü doğrultmadı.

Azərbaycanın qəti və prinsipial mövqeyi, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində “qoca qitə” rəsmiləri də ölkəmizlə təmasları qaydasına salmaq xəttini götürdülər. Bu xüsusda Avropa Komissiyası Prezidenti Ursula Von der Leyen və AB Şurası Prezidenti Antonio Koştanın İlham Əliyevlə görüş təşəbbüsləri diqqətdən yayınmır.

Bakıya səfər edən avropalı rəsmilərin Azərbaycanın  Avropa enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu xüsusi vurğulaması, İlham Əliyevin Tiranaya səfəri zamanı keçirdiyi mühüm görüşləri və yüksək səviyyədə qarşılanması Avropanın regional reallığı nəzərə almasının bariz nümunəsidir.

Artıq Avropanın mərkəzlərində də anlayırlar ki, Orta Dəhlizdəki aparıcı rolu və Mərkəzi Asiya regionu ilə əlaqələri, müstəqil diplomatik siyasət kursu ölkəyə strateji əhəmiyyətli dövlət statusu qazandırıb. Onu da başa düşürlər ki, təzyiq ritorikası da keçərsizdir və bu, təmasları zəiflədən faktor rolunda çıxış edir.

Avropanın aparıcı siyasi liderləri artıq Azərbaycanın mövqeyini dinləməyə, hesablaşmağa, əməkdaşlığa və müttəfiqliyə can atmağa başlayıb. Ermənistanın regiondakı Avropaya bağlı inhisarçı mövqeyə sahib olmaq niyyəti də fiaskoya uğrayıb. Avropanın Yaxın Şərq siyasətinin həyata keçirilməsində Azərbaycan olduqca vacib dövlətdir və etibarlı tərəfdaş statusu qazanıb.

Tirana səfəri çərçivəsində İlham Əliyevin Avropanın dövlət başçıları ilə ikitərəfli görüşləri, Azərbaycana və onun liderinə yüksək səviyyəli etimad və maraq da diqqətdən yayınmır. Görünən odur ki, Avropanın liderləri Azərbaycana xüsusilə həssas yanaşırlar və əməkdaşlığın inkişafında maraqlıdırlar. Beynəlxalq münasibətlər sistemində İlham Əliyevin yürütdüyü siyasi qətiyyət bu münasibəti şərtləndirən başlıca amildir.

Digər tərəfdən, Azərbaycanın Şərq – xüsusilə Çin, Mərkəzi Asiya və Yaxın Şərq siyasəti çox ustalıqla icra edilir. Çinlə strateji tərəfdaşlıq mövcuddur, türk dövlətləri və İslam dünyası ilə həmrəyliyini qoruyur. Qonşu dövlətlərlə də fəal əlaqələrə malikdir. Bölgə lideri olaraq İlham Əliyev fenomenini həmkarları da təsdiq edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən səsləndirilən bəyanat buna misaldır.

Bütün bunlar isə əslində, bir səbəbdən qaynaqlanır: Azərbaycan öz maraqlarını qətiyyətlə müdafiə edir, habelə qarşılıqlı hörmət və əməkdaşlığa  açıq olan müstəqil siyasət yürüdür. Bu siyasət sayəsində isə ölkəmiz nə Qərbin aləti, nə də Şərqin “təsir zonası” olmadan öz yerini, rolunu və yolunu müəyyən edir. Bütün tərəflərin etimadını qazana bilmək bu, nadir siyasi tarazlıq nümunəsidir.

Dünya Azərbaycanın səsini daha diqqətlə dinləyir. Görür ki, sözünə sadiqdir, öhdəliyini yerinə yetirir, böhranlı situasiyalarda isə təmkin nümayiş etdirir.

Azərbaycan regionun lider, dünyanın önəmli ölkəsi  olaraq beynəlxalq birliyə nüfuz edir, müqəddəratını həll edir və geosiyasi barışa mühüm töhfələr verir.

 





17.05.2025    çap et  çap et