Oskar Piastri mövsümdə və karyerasında 3-cü pouluna sevindi. Sessiyadan dərhal sonra özü də dedi ki, son döngələrdəki səhvinə görə poul gözləmirdi, amma bilmirdi ki, rəqibləri ondan da ciddi səhvlər ediblər. Sabah ötmələrin həddən ziyadə çətin olduğu bir trasda qələbəyə də əsas namizəd Oskar olacaq – Sennadan sonra komandaya ardıcıl 4 qələbə gətirən sürücünü görəcəyikmi?
Maks Verstappen ikinci sektorda səhvə yol verməsəydi, qazandığı poulla “Red Bull”da ən çox bu uğura sevinmiş Sebastyan Fettelə çatardı, amma alınmadı, bir qədər təxirə saldı. RB21 yeniliklərdən sonra elə də pis deyildi, qarşıdakı yarışlarda daha güclü ola bilər. Sabahkı yarışda isə yeniliklərin yarış tempini görəcəyik, əgər startda 1-ci döngəyədək Oskarı qabaqlaya bilsə, onu arxasında saxlaya biləcək, əks halda...
Corc Rassell son cəhdində hamını təəccübləndirdi – sarı təkərlərlə ideala yaxın dövrə vurdu, səhvə yol vermədi. İlk sektorda təkərləri daha yaxşı qızdırsaydı, daha yaxşı nəticəyə də ümid etmək olardı. Təəssüf ki, Corcun qələbə və podium şansı ancaq startdan asılıdır, ya da hansısa bir kənar müdaxilədən.
Maraqlıdır ki, son sessiyaya yalnız “McLaren”, “Williams” və “Aston Martin” tam heyətlə keçmişdi. Adamda elə təəssürat var idi ki, 20-30 il əvvəlki mübarizəyə qayıtmışıq, ənənəvi olaraq qırmızı maşınlar da ortalıqda yox idi.
Bizi isə sabah maraqlı start və yarış gözləyir, ən azı ümid edirəm.