Əməliyyat zamanı azı bir yaraqlı öldürülüb, bir neçə nəfər isə əsir götürülüb. İslamçıların dəstəklədiyi müvəqqəti hökumət ilk dəfədir ki, ölkənin ikinci böyük şəhərində belə bir əməliyyat elan edir.
Daxili İşlər Nazirliyinin sözçüsündən verilən məlumata görə, bir mühafizəçi də həyatını itirib. Əməliyyat zamanı silahlar, bombalar və təhlükəsizlik qüvvələri nişanı olan formalar ələ keçirilib.
Təhlükəsizlik rəsmisi bildirib ki, əməliyyatlar dörd fərqli yerdə yerləşən yataq kameralarını hədəf alıb.
Eyni mənbə bir İŞİD yaraqlısının özünü partlatdığını, digərinin isə sonrakı qarşıdurmada öldürüldüyünü bildirib.
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa əvvəllər Əl-Qaidə ilə əlaqəli qrupa rəhbərlik edib. Amma illərdir İŞİD-ə qarşı çıxıb və vətəndaş müharibəsi zamanı qrupun qondarma xilafətinə qarşı mübarizə aparıb.
ABŞ prezidenti Donald Tramp bu həftə Səudiyyə Ərəbistanında Şaraa ilə görüşüb. Görüşdən sonra o, Suriya liderini “çox güclü keçmişi olan təsirli bir insan” kimi təsvir edib. Tramp həmçinin ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb.
Bu qərar ölkənin dağılmış iqtisadiyyatı üçün böyük rahatlıq kimi şərh edilib.
Ötən ilin dekabrında Bəşər Əsədin vəzifədən uzaqlaşdırılmasından sonra hakimiyyətə gələn Şaraa 2016-cı ildən Əl-Qaidə ilə bütün əlaqələrini kəsdiyini açıqlamışdı.
İŞİD bir vaxtlar Suriya və İraqda böyük ərazilərə nəzarət etsə də, ABŞ-ın rəhbərlik etdiyi hərbi alyans da daxil olmaqla bir çox düşmənləri tərəfindən bu bölgələrdən sıxışdırılıb çıxarılıb.