Vaxt.Az

Altda qalanın canı çıxsın


 

Tramp ərəb səyahətində, Brüssel Rusiyaya sanksiyaları, Putin də Ukraynaya PUA-ları sıraladı

Altda qalanın canı çıxsın İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticəsiz bitəcəyi gözlənilən idi. Türkiyənin səmimi cəhdlərinə baxmayaraq, münaqişənin hazırkı reallıqlarda sonuclanması heç kimə sərf etmir: Rusiya tutduğu əraziləri əldən vermək niyyətində deyil, Ukrayna isə bununla razılaşmaq istəmir. Avropanın mövcud situasiya ilə barışması üçillik dirənişin fiaskosu anlamına gəlir, odur ki, Brüsselin Kiyevə maliyyə yardımı, Moskvaya isə sanksiya tətbiqi siyasəti davam edəcək – sayca 17-ci paket bu günlərdə qəbul edilib, 18-ci üzərində iş gedir. Varlığa nə darlıq?

İstanbul danışıqlarının yeganə uduzan tərəfi ABŞ Prezidenti Donald Trampdır. Səs-küylü seçki vədi – müharibəni aprel ayınadək bitirmək niyyəti - uğursuzluğa düçar oldu. Bu, Trampın beynəlxalq imicinə ciddi zərbədir, İstanbulda onun “Putin mənim dostumdur, razılaşacağıq” arqumentinin rəsmi dəfn mərasimi keçirildi. Dostluq öz yerində, ancaq onun da maksimum dörd il ömrü var. ABŞ seçkilərdən asılı dövlətdir, Trampın seçilmək limiti bitib, yaş da o yaş deyil. Güman ki, bunu özü də bilirdi, amma Yaxın Şərqə uğurlu turnesi fonunda büruzə verməməyə çalışdı. İnsafən, varlı ərəb dövlətlərinin ABŞ-yə edəcəkləri trilyonlarla dollar yatırım müzakirələri fonunda Rusiya-Ukrayna danışıqlarındakı vasitəçilik o qədər də aktual görünmürdü. Bu turne naminə Tramp əzəli müttəfiqi Netanyahu ilə belə münasibətləri sərinləşdirib, Ukrayna vaxtıdır?

Avropanın Trampın hakimiyyətə gəlişindən sonra Ukrayna siyasətində etdiyi köklü dəyişikliyin yaratdığı şokun ilkin mərhələsini dəf etdiyi görünür. Ehtimalların əksinə olaraq, “qoca qitə” Rusiya ilə qarşıdurmada monolitlik göstərməyə davam edir. Macarıstan və Slovakiya bu orkestrin heç də əsas skripkaları deyil. Odur ki, Orbanla Fitsonun mərkəzdənqaçma cəhdləri Brüsselin siyasətinə ciddi təsir etmir. Kontinental Avropa ilə tarixən ondan kənar duran və anqlosakson müstəvidə ABŞ ilə koordinasiya edilmiş mövqedən çıxış edən Britaniyanın belə bu həmrəyliyin əsas benefisiarlarından biri olması qitənin mövqelərinə əlavə güc qatır.

İndi Avropanın Ukrayna siyasəti bundan ibarətdir: nə qədər pul lazımdır, verəcəyik, ancaq siz orada möhkəm durun. Almaniyada hakimiyyətə Mertsin gəlməsi Brüsseldəki qorxuları neytrallaşdırmış oldu. Ultrasağçı və Trampın dəstəklədiyi alternativçilərin Berlində hakimiyyətə qalxma ehtimalları vahid Avropanın gözləntilərini alt-üst edə bilərdi. Merts bu təhlükənin qarşısını almağa müvəffəq oldu, üstəlik, əsas müxalifətin qanundankənar elan edilməsi ilə oyundan çıxarılması prosesinə də start verilib. Ölüm-dirim müharibəsində bütün vasitələr yaxşıdır, nə olsun ki, illərdir Avropa digərlərini məhz buna görə qınayıb? Lazım olanda özü də yararlanır. Son misal Rumıniyadır - məgər seçilmiş prezidentin haqqı Brüsseldən gələn direktivlərlə əlindən alınmadı? Məqsəd vasitəyə haqq qazandırır...

Belə görünür ki, Ukraynadakı müharibə nəinki yaxın aylarda, heç illərdə belə bitməyəcək. Avropa ya Trampın ipə-sapa yatmasını, ya da hakimiyyətinin başa çatmasını gözləyir. Maliyyə imkanları var, Ukraynaya yardımlar, Rusiyaya sanksiyalar davam edəcək. Bu işdə Brüsselin okeanın o tayında müttəfiqi də var - Konqres. ABŞ qanunvericiləri ənənəvi olaraq icraedici hakimiyyətdən fərqli mövqedədirlər və onların Trampa təzyiqləri getdikcə artacaq. İstənilən halda hər şey onların əlindən gəlib keçir. Trampın Rusiya ilə yumşaq güc siyasəti təmsil etdiyi Respublikaçılar Partiyasında belə çoxlarının ürəyincə deyil. Rusiya Prezidenti Vladimir Putinin İstanbula gəlməməsi, rus nümayəndə heyətinin isə maksimalist mövqedən çıxış etməsi Avropanın ürəyindən keçən idi: qoy Tramp görsün ki, böyük siyasətdə heç də hər şey dostluqla ölçülmür. Elə bu səbəbdən idi ki, Zelenski “ya Putinlə danışacağıq, ya da ümumiyyətlə razılaşmayacağıq” deyirdi. İstanbuldan bir neçə gün öncə Ukraynada keçirilmiş rəy sorğusunda onun reytinqinin haradasa 70 faizə bərabər olduğu üzə çıxmışdı: bu da Trampın “Zelenskinin ölkəsində nüfuzu yoxdur” arqumentinə sanballı cavab!

Avropanın bugünkü siyasəti vaxtilə ABŞ-nin SSRİ-yə qarşı tətbiq etdiyinin “copy paste”idir. Müharibə davam etdikcə, Rusiya əldən düşməlidir, necə ki Əfqanıstanda bunu SSRİ yaşadı. Vaşinqtondan bu siyasətə güclü dəstək var: Konqres Trampa əks getməyə davam edəcək. İndi, sadəcə, gözləmək vaxtıdır - onun hakimiyyəti dörd illə çərçivələnir. İstanbulda da hesablar, əsasən, bu yönümdə idi: Rusiyanın danışıqlara meyilli olmamasını Tramp da görməli və nəhayət, Moskvaya qarşı əsas “kozır”ı – rüsum siyasətini işə salmalıdır. Ekspertlərə görə, söhbət Rusiya neftini alan dövlətə qarşı nə az, nə də çox – düz 500 faizlik rüsumdan gedir. Vaşinqtonun Pekinə qarşı tarif siyasəti birbaşa keçmədisə, bu yolla daha effektiv ola bilər. Di alın görüm, Rusiya neftini necə alırsınız.

Bu qlobal avantürada gerçək uduzan bir tərəf var: Ukrayna xalqı və dövləti. O da ki, necə deyərlər, suda batanın xilası yalnız onun öz problemidir. Rusiya istədiyini əldə edib, Tramp Ukraynanın faydalı qazıntıları və atom elektrik stansiyasına nəzarəti ələ keçirib. Bir az Avropa pul itkisinə məruz qalır, o da ki, necə deyərlər, pulu xərcləmək üçün qazanırlar. Ələlxüsus da söhbət şəxsi təhlükəsizlikdən gedirsə. Vay ayaq altında qalanın halına... (Oxu.az)

 





19.05.2025    çap et  çap et