Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa məktub göndərərək müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlıq üçün yeni təkliflər irəli sürüb.
Ukrayna mətbuatının məlumatına görə, Zelenski bu gün Romada ABŞ-ın vitse-prezidenti Ceyms Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Məktub haqqında məlumat bu iclasın hesabatında dərc olunub.
Bildirilib ki, görüş zamanı Ukrayna-ABŞ iqtisadi tərəfdaşlıq sazişinin icrasına xüsusi diqqət yetirilib.
Zelenski Vens və Rubio ilə müxtəlif məsələləri müzakirə edib. Bunlara İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar, Rusiyaya qarşı sanksiyalar, müdafiə sahəsində əməkdaşlıq və Moskvaya birgə təzyiqlər daxildir.
“Müharibəni dayandırmağa hazır olana qədər Rusiyaya təzyiq etmək lazımdır. Və təbii ki, biz ədalətli və davamlı sülhə nail olmaq üçün atacağımız birgə addımlardan danışdıq”, – Zelenski bildirib.
***
Mayın əvvəlində Ukrayna və ABŞ minerallar sazişi olaraq da bilinən iqtisadi əməkdaşlıq sazişi imzalayıb. İmzalanma mərasimi Vaşinqtonda baş tutub.