De-yure Naxçıvanı, de-fakto Mərdəkanı təmsil edən komanda bizi bu yay avrokuboklarda təmsil edən klublarımızdan biri olacaq. Qışa qədər çempion, qışdan sonra autsayder qrafiki ilə hərəkət edən “Araz”ın bu vəsiqəni haqq etmədiyini söyləmək də olmur. Rəqibləri o qədər şansı boşa verib aradakı xal fərqini azalda bilmirlərsə, günahı özlərində axtarmalıdılar. Elmar Baxşıyev isə yaxşı seleksiyasının olduğunu və yaxşı komanda qura bildiyini sübut edə bildi. Sırf bu mütəxəssisin uğuruna görə şadam. Klub isə Naxçıvana qayıtmayana qədər ciddiyə alınmayacaq, qınaq obyekti olacaq. Səbəb, bəhanə nə olursa-olsun.
“Turan” da 4-cülüyü rəsmiləşdirdi. Bu komanda da mövsümü qışa qədər və qışdan sonra olan hissələrə bölmüşdü. Təkrarçılıq etmirəm. Tovuz kubokun finalını gözləyir. Ondan sonra bir də bu mövzuya qayıtmaq olar.
“Qarabağ” çempionluğunu gözəl törənlə bayram etdi. Buna qədər isə Qurban Qurbanov daha bir gənc futbolçu – 17 yaşlı Hikmət Cəbrayılzadəyə Premyer Liqada debüt şansı verdi. O da pis təsir bağışlamadı, yetərincə sərbəst davrandı, bacarıqlı biri olduğunu göstərdi. Öncəki matçda isə 15 yaşlı Amin Rzayev eyni imkanı əldə etmişdi. “Kəpəz”də isə 17 yaşlı Nihat İsaqov karyerasında ilk dəfə elitada oynadı. Yaxşı tendensiyadı. Futbolumuzun gələcəyi belə addımlarla formalaşır.