Vaxt.Az

Turizmə əngəl olan qaydalar


 

Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir

Turizmə əngəl olan qaydalar 2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Bu müddətdə ölkəmizə Ərəb Dövlətlərindən cəmi 117 min turist gəlib. Bu regiondan gələn turistlərin sayının azalmasında körfəz ölkələri vətəndaşlarının yeni destinasiyalara üstünlük verməsi xüsusi rol oynayıb. Bununla yanaşı, bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən isə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib. Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan 2,0 dəfə, Çindən 1,7 dəfə, İordaniyadan 45,6 faiz, Hindistandan 32,9 faiz, Qırğızıstandan 32,1 faiz, İspaniyadan 28,8 faiz, Yaponiyadan 26,7 faiz, Pakistandan 22,5 faiz, ABŞ-dan 20,2 faiz, Qazaxıstandan 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 16,6 faiz, Kanadadan 15,5 faiz, Niderlanddan 10,7 faiz, İtaliya və Misirdən 10,0 faiz artıb.

Bu müddətdə körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən də gələnlərin sayında azalma qeydə alınıb. Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa İttifaqından gələnlərin sayında isə 1.8 faiz cüzi artım qeydə alınıb.

Göründüyü kimi, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Körfəz dövlətlərindən və MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu turizm sektorunun inkişafında yeni çağırışları daha da aktuallaşdırır.

 





20.05.2025    çap et  çap et