“Rusiya və Ukrayna dərhal atəşkəs və daha da vacibi müharibənin dayandırılması üçün danışıqlara başlayacaq”, – deyə Tramp sosial mediada bildirib.
Putin açıqlaması isə Trampın optimist bəyanatı ilə ziddiyyət təşkil edib. Rusiya prezidenti danışıqlarda ciddi irəliləyiş əldə olunmadığını deyib və Kremlin Ukraynanın “qəbuledilməz” kimi göstərdiyi tələbləri hələ də saxladığını qeyd edib.
Zelenski isə birbaşa Trampa müraciət edərək, "ABŞ sülh danışıqlarından ayrılmamalıdır. Belə bir vəziyyət yalnız Putinin xeyrinə olacaq", – deyib.
***
Daha əvvəl dəfələrlə sülh şərtlərini təyin edən Tramp, razılaşmanın şərtlərinin yalnız müharibədə olan iki tərəfin müəyyən edə biləcəyini bildirib.
Bu yanaşma ABŞ-ın vasitəçi rolundan geri çəkilməsi kimi şərh edilib. “Bu müharibənin tərəfləri başqa heç kimin bilməyəcəyi təfərrüatlara bələddirlər”, – Tramp deyib.
Tramp həmçinin Vatikanın sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Ağ Evdə keçirilən tədbirdə Putinin sülh istəyib-istəmədiyini soruşduqda o, “Bəli” cavabını verib.
Putin isə öz növbəsində Trampla danışığının “səmimi və buna görə də faydalı” olduğunu bildirib. O, Ukrayna ilə gələcək danışıqlar üçün çərçivə sənədi üzərində işləməyə hazır olduqlarını bildirib.
Bu çərçivəyə müəyyən müddət üçün müvəqqəti atəşkəs daxil ola bilər. Lakin Putinin açıqlamaları Rusiyanın hələ də ərazisini genişləndirmək istədiyini və Ukraynanı təcrid etmək niyyətində olduğunu ortaya qoydu.
Zelenski açıqlamasında “Biz istənilən formatda birbaşa danışıqlara hazırıq”, – deyib və Ukraynanın artıq konstruktiv yanaşma nümayiş etdirdiyini bildirib.
***
Tramp Putinlə danışandan dərhal sonra Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Avropa Komissiyası liderləri, habelə Zelenski ilə danışdığını bildirib.
Almaniya kansleri Fridrix Merz bildirib ki, bütün liderlər Ukraynanı dəstəkləməkdə qərarlı olduqlarını bir daha bəyan ediblər.
Lakin Tramp açıq şəkildə bildirdi ki, ABŞ artıq münaqişədə birbaşa iştirak etməyəcək və söhbətlə tanış olan iki nəfərin fikrincə, tərəflər öz aralarında atəşkəs əldə etməlidirlər.
ABŞ prezidenti də Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı öhdəlik götürməyib. Danışıqda iştirak edən rəsmilərdən biri deyib ki, liderlər Trampın mövqeyindən “təəccüblənib” və onun Putinə daha çox təzyiq göstərmək istəmədiyi aydındır.
Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov danışıqların “qarşılıqlı hörmət” çərçivəsində keçirildiyini və Trampın ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu bildirib.