Vaxt.Az

Putin sakitləşməsə ...


 

Ya Ukrayna 5 bölgədən imtina etməlidir, ya da Rusiya çox zəifləməlidir

Putin sakitləşməsə ... Rusiya Prezidenti Vladimir Putin istədiyini almayana qədər razılaşmaya getmir və ya razılaşmanı yerinə yetirmir. Ukrayna ilə müharibə Putinin üçüncü müharibəsidir və əvvəlki ikisində istədiyini əldə edəndən sonra sakitləşib.

Putin 1999-cu ildə baş nazir təyin olunandan sonra ikinci Çeçenistan müharibəsi başladı. Qərb ölkələrinin liderləri nə qədər bu müharibəni dayandırmağı Putindən xahiş etsələr də, Kreml sahibi hər dəfə onlara sərt cavab verdi və on minlərin ölümü hesabına işi sona çatdırdı. Bu müharibəyə görə Qərb Putinin üstünə çox getmədi, hər nə qədər olsa da, söhbət Kreml sahibinin ölkəsinin ərazi bütövlüyünü təminindən gedirdi. Putin 2008-ci ildə Gürcüstana qarşı müharibə dövründə baş nazir olmasına baxmayaraq, qonşu dövlətə qarşı hücum əməliyyatını nəzarətdə saxlayırdı. Qərb yenə müharibəni dayandırmağı Putindən xahiş etdi, onun Cənubi Osetiyanı işğal edəndən sonra yeganə güzəşti tankları Tbilisi yaxınlığından geri çəkməsi oldu. Putin hədəfinə çatmışdı. 6 il sonra növbə Ukraynaya çatdı, Putin Ukraynada hakimiyyətin zorla dəyişdirildiyini bəhanə edərək Krımı ilhaq etdi, 8 il sonra Ukraynanın şərqinə hücum əmri verdi. Qərb bu dəfə xahiş əvəzinə Putindən müharibəni dayandırmağı tələb etdi. Xahişlər kimi tələblər də nəticəsiz qaldı.

İstanbuldakı görüşlərin, Putinlə birbaşa təmasların və onunla telefon danışıqların nəticəsi olmayacaq. Çünki, Putin hədəfinə çaymayana qədər geri addım atmır. Onu dayandırmaq üçün ya Ukrayna təslim olmalı və Krımla yanaşı 4 bölgəsindən imtina etməli, ya da Rusiya elə bir zəif nöqtəyə gəlməlidir ki, Putin planlarından əl çəksin, ya da Kremldə hakimiyyət dəyişikliyi baş verməlidir.

 





20.05.2025    çap et  çap et