İlk mərhələdə QHT-lərə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə hesabatlılıq, şəffaflıq, effektivlik artırıldı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması, Agentliyin yeni formatda QHT-lərə yalnız maliyyə deyil, real təlim, konsultasiya, metodik, beynəlxalq əməkdaşlığın qurulması sahəsində dəstək verməsi ilə sağlam mühit formalaşdı, motivasiya gücləndi, bilik və bacarıq, bu sahədə dövlət siyasətinə inam artdı və müvafiq olaraq ambisiyalar yüksəldi. Paralel olaraq QHT sektorunda ixtisaslaşma, sahələr üzrə şəbəkələşmə, eyni zamanda çətir formatında birliklərin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulması prosesi vüsət alıb. Bir il əvvəl Azərbaycan Milli QHT Forumunun institusional yenilənməsi bu prosesi davam etdirdi. Milli QHT Forumunun həyata keçirdiyi davamlı yeniliklər inamı gücləndirdi, Forumun missiyasına sadiqliyi və QHT-lərin potensilanın daha dolğun açılması üçün atdığı addımlar güclü effekt verdi. Forum hazırda özünü ölkəmizin QHT sektorunun əsas çətir formatda təşkilatı kimi təsdiqləməklə yanaşı, ölkə xaricisində çox əhəmiyyətli fəaliyyətlər həyata keçirdi. Forumun güclənməsi və potensialını tam ortaya qoyması əhəmiyyətli beynəlxalq təşəbbüslərə imza atmağa imkan verdi. Forumun təşəbbüs ilə əvvəlcə COP29 QHT Koalisiyasının yaranması, sonra qısa müddətə bu Koalisiyanın Qlobal Cənub QHT Platformasına çevrilməsi Azərbaycan QHT-lərinin imkanlarını, potensialını nümayiş etdirdi, eyni zamanda ölkəmizin beynəlxalq arenada artan nüfuzunun rəmzlərindən biri kimi dəyərləndirilə bilər. Forumun təşəbbüsü ilə 116 ölkədən olan QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis olunması, ona rəhbərliyin ölkəmizə həvalə edilməsi Azərbaycan QHT-lərinin tarixi nailiyyətidir. Bu, Azərbaycanın beynəlxalq humanitar, iqlim dəyişikliklərinin idarəolunması, bərabərsizliyin aradan qaldırılması, Şimal-Cənub dialoqu, neomüstəmləkəçiliyə qarşı mübarizə, davamlı inkişaf gündəliyinin formalaşmasında aprıcı rolunu təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən QHT-lərin inkişafı, vətəndaş cəmiyyəti quruculuğu siyasəti, islahatlar QHT sektorunun yeni təkamül mərhələsini başlatmağa imkan yaratdı. Bu Azərbaycan QHT-lərinin qlobal təsirə malik olması, ictimai arenada rolunun güclənməsi, nüfuzunun, ambisiyaların artması mərhələsidir. Aparılmış islahatlar güclü inkişaf dinamikası yaradıb və qarşıda yeni hədəflər durur.