Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin müharibənin əvvəlindən bəri Ukraynanın etdiyi hücumlarda azı 621 mülki rusiyalının həlak olduğunu açıqlayıb.
“Kiyev rejimi davamlı olaraq NATO raketləri ilə Rusiya ərazisinə hücum edir. Bu, mülki infrastrukturun məhvinə və mülki əhalinin tələfatına səbəb olur”, – Bastrıkin bildirib.
Ölənlərin arasında 38 uşaq olduğunu deyən Bastrıkin 3217 nəfərin yaralandığını bildirib.
“Böyük cinayətləri araşdıran Rusiya İstintaq Komitəsi Ukraynanın sərhədyanı hücumları ilə bağlı 3000-dən çox cinayət işi açıb”, – Bastrıkinə istinadən “The Moscow Times” xəbər verir.
“Hücumların əksəriyyəti Belqorod, Kursk, Bryansk, Rostov, Krasnodar vilayətlərində, həmçinin Krım və Sevastopolda baş verib”, – Bastrıkin bildirib.
Bastrıkin həmçinin bildirib ki, 550-yə yaxın ukraynalı əsgər və əcnəbi muzdlular uzun müddətə azadlıqdan məhrum ediliblər.
Bunun əksinə olaraq, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, prezident Vladimir Putinin 2022-ci ilin fevralında genişmiqyaslı işğal əmrindən sonra Ukraynanın 13,100-dən çox mülki vətəndaşı həlak olub.