AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən AB Xarici İşlər Nazirləri Şurasının iclasından sonra sosial mediada verdiyi açıqlamada qərarı açıqlayıb. Bildirilib ki, görülən tədbirlər Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmağa yönəlib.
“AB Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Paket Rusiyanın kölgə donanmasında olan təxminən 200 gəmini hədəfləyir”, – Kallas bildirib.
Hibrid təhdidlərə qarşı yeni tədbirlərin görüldüyünə diqqət çəkən Kallas, “Rusiyaya qarşı yeni sanksiyalar üzərində iş gedir”, – deyib.
Kallas bildirib ki, Rusiya müharibəni daha uzun müddət davam etdirsə, daha sərt cavab verəcək.
Tam təfərrüatları açıqlanmayan yeni sanksiyalara əsasən, Rusiyanın neft ixracına qoyulan məhdudiyyətlərdən yan keçmək üçün istifadə etdiyi 200-ə yaxın tanker qara siyahıya salınacaq.
***
Bəzi üçüncü ölkə şirkətlərinin və Rusiya müdafiə sektoruna mal tədarük etdiyi iddia edilən bir çox fiziki və qurumların da AB-nin sanksiyalar siyahısına əlavə ediləcəyi gözlənilir.
AB müharibə səbəbindən Rusiyaya qarşı 16 sanksiya paketini həyata keçirib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, həmçinin qızıl və brilyantlara geniş məhdudiyyətlər tətbiq edib.
Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan AB-yə dəniz yolu ilə daşınmasına qadağa, bəzi Rusiya banklarının “SWIFT” beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.
AB-nin sanksiyalar siyahısı 2000-dən çox şəxsi və qurumu əhatə edir.