Vaxt.Az

Trampın hərbi təhdidi


 

2023-cü ildə ABŞ ilə imzalanan saziş Danimarkada qorxu yaradıb

Trampın hərbi təhdidi 2023-cü ildə Danimarka ilə ABŞ arasında imzalanan 10 illik müdafiə sazişi Donald Trampın hakimiyyətə gəlməsi ilə bağlı narahatlıqları artırmağa başlayıb.

Danimarkanın baş naziri Mette Frederiksen 2023-cü ilin dekabrında imzaladığı sənədlə bağlı, “Bu müqavilə Amerika əsgərlərinin və hərbi texnikasının Danimarka torpaqlarında daimi yerləşməsini təmin edəcək”, – deyib.

Bununla belə, Danimarkanın bazalarına ABŞ-a “məhdudiyyətsiz” girişin verilməsi indi ölkədə müzakirə mövzusuna çevrilib.

Danimarka iyunun 11-də parlamentdə razılaşmaya səs verəcək. Qüvvəyə minməsi gözlənilən qanun layihəsinin qəbulu ilə Danimarkada cinayət törədən ABŞ əsgərləri Amerika hüquq sistemi çərçivəsində mühakimə olunacaq.

Karup, Skrydstrup və Aalborgdakı hava bazaları ABŞ əsgərlərinin üzünə açılacaq. Bu bazalarda yerləşdirilən əsgərlər yaxınlıqdakı Danimarka vətəndaşlarına qarşı güc tətbiq edə biləcəklər.

ABŞ Danimarkada qoşun yerləşdirmək, hərbi texnika saxlamaq və təlimlər keçirmək kimi tədbirlər həyata keçirə biləcək.

Ölkə parlamentinin müdafiə komitəsinə məsləhət verən Danimarka İnsan Haqları İnstitutundan Peter Vedel Kessinq, “Qanun layihəsi qəbul olunarsa, Amerika əsgərləri təhlükəsizliyin və nəzarətin təmin edilməsi səbəbi ilə bazalardan kənarda nümayişlərə müdaxilə etmək hüququna malik olacaqlar. Silahlı Amerika əsgərləri nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etsələr, Danimarka onları təqib edə bilməyəcək”, – deyib.

Müqavilə 10 illik şərtlə gəlsə də, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen keçən həftə ABŞ-ın Qrenlandiyanı ələ keçirməyə çalışacağı təqdirdə geri çəkiləcəklərini açıqlamışdı.

Danimarka Müdafiə Nazirliyinin sözçüsü də “The Guardian”a bildirib ki, ABŞ-ın öz ərazisindəki səlahiyyəti qeyri-məhdud olmayacaq və onun suverenliyini poza bilməz.

Kopenhagen rəhbərliyi Danimarkanın İraq və Əfqanıstanda apardığı müharibələrə dəstək verən ABŞ-ın Norveç, Finlandiya və İsveçlə də analoji müqavilələr imzalamasından rahatlayıb.

ABŞ-da Co Bayden administrasiyasının dəyişməsi ilə Donald Trampın Danimarkanın ərazisi olan Qrenlandiyanı ələ keçirməsi ilə bağlı bəyanatlarının artması qorxuya səbəb olub.

ABŞ-ın yeni prezidenti deyir ki, onlar Qrenlandiyanı ala bilməsələr, hərbi seçimlərə əl atacaqlar.

ABŞ-ın Qrenlandiyada kəşfiyyat fəaliyyətini artırması ilə bağlı xəbərlərdən sonra Danimarkanın baş naziri Frederiksen əvvəlki həftələrdə Vaşinqtonun müttəfiq ölkəyə casusluq edə bilməyəcəyini bəyan etmişdi.

Danimarkanın xarici işlər naziri Rasmussen də ABŞ-ın Kopenhagendəki səfirliyinin müvəqqəti işlər vəkilinə xəbərdarlıq ediləcəyini açıqlayıb.

 





20.05.2025    çap et  çap et