Ağ Evdəki açıqlamalarında ABŞ-ın Rusiya-Ukrayna danışıqlarında iştirakdan geri çəkilməyəcəyini vurğulayan Tramp, bu danışıqların Vatikanda keçirilməsinin “əla” olacağını qeyd edib. Rusiyalı həmkarı Putindən onunla danışmasını xahiş etdiyini vurğulayan Tramp, danışıqlarda irəliləyiş olmadığı təqdirdə geri çəkiləcəyini bildirib.
“Düşünürəm ki, Putin müharibəni dayandırmaq istəyir. Əgər onun sülh istəmədiyini görsəm, geri çəkiləcəyəm”, – deyən ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı xəbərdarlıq edərək, bunun vəziyyəti daha da pisləşdirə biləcəyini, lakin bunun nə vaxtsa baş verə biləcəyini deyib. Tramp həmçinin vurğulayıb ki, Ukrayna prezidenti Zelenski “asan adam deyil və məncə o, müharibəni dayandırmaq istəyir”.
Tramp Putinlə iki saatdan çox davam edən telefon danışığından sonra “Truth Social” platformasında verdiyi açıqlamada Rusiya və Ukrayna dərhal atəşkəs və daha da önəmlisi müharibənin dayandırılması üçün danışıqlara başlayacaqlarını təkrarlayıb. “Bunun şərtləri iki tərəf arasında müzakirə olunacaq, bu qaçılmazdır. Çünki onlar danışıqların heç kimin bilmədiyi təfərrüatlarını bilirlər”, – Tramp deyib.
Digər tərəfdən, Ukrayna prezidenti Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula Von der Leyen və Fransa, İtaliya, Almaniya və Finlandiya liderlərinə zəng edərək, Rusiya ilə dərhal danışıqlara başlayacağını bildirib.
Tramp Putinlə telefon danışığı barədə “tonu və ruhu əla keçdi” kimi qiymətləndirib. O, Ukrayna müharibəsinə toxunaraq deyib ki, Rusiya bu “dəhşətli qırğın” bitdikdən sonra ABŞ ilə geniş ticarət etmək istəyir.
“Rusiyanın iş yerləri və sərvət yaratmaq üçün böyük imkanları var və potensialı sonsuzdur. Eynilə, Ukrayna da öz ölkəsini yenidən qurarkən ticarətdən böyük fayda əldə edə bilər”, – Tramp bildirib.