Vaxt.Az

“Həqiqətən başqa seçimimiz yoxdur”


 

AB Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edir

“Həqiqətən başqa seçimimiz yoxdur” Donald Trampın Suriyaya qarşı sanksiyaları qəfil ləğv etmək qərarı Brüsseldə uzun müddətdir işlənən yol xəritəsini sürətləndirib. Avropa Birliyi (AB) bu gün Suriyaya qarşı bütün qalan iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib. Bu addımın dekabrda Bəşər Əsəd diktaturasının sona çatmasından sonra müharibədən zərər çəkmiş ölkənin bərpasını sürətləndirməyə və maliyyə resurslarına çıxışı asanlaşdıracağına ümid edilir.

Xarici işlər nazirlərinin görüşündən sonra AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, “Biz Suriya xalqına hərtərəfli və dinc yeni Suriyanın qurulmasında kömək etmək istəyirik. AB son 14 ildə suriyalıların yanında olub və bunu davam etdirəcək”, – deyib.

AB-nin qərarı Donald Trampın Yaxın Şərqə səfəri çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşündən və ABŞ-ın bütün sanksiyaları ləğv edəcəyini bəyan etməsindən bir neçə gün sonra verilib.

Tramp Səudiyyə Ərəbistanında, “Suriyaya böyük şans vermək üçün sanksiyaların ləğvini əmr edəcəyəm”, – deyib. Trampın qəfil qərarı Brüsseldəki prosesi xeyli sürətləndirib.

AB fevralın sonunda enerji sektoruna qarşı sanksiyaları ləğv edərək Suriyaya qarşı ilk arxayınedici addımı atdı. Bu sektor dövlət gəlirlərinin yığılması üçün həyati əhəmiyyət kəsb edir. Bununla belə, Dəməşq hökumətinin israrlı çağırışlarına baxmayaraq, maliyyə və bank sektorlarına bir çox məhdudiyyətlər qüvvədə qaldı.

Şara bu ayın əvvəlində Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra, “Artıq bu sanksiyaların davam etməsi üçün heç bir əsas yoxdur”, – deyib.

Humanitar təşkilatlar da Əsəd dövründən qalan tədbirlərin sərmayədarlar üzərində “soyuducu təsir” yaratdığını əsas gətirərək sanksiyaların daha da yüngülləşdirilməsinə çağırıblar.

AB Bu gün axşam daxili prosedurlarını tamamlayıb və xarici işlər nazirlərinin yekdil qərarı ilə bütün iqtisadi sanksiyalar ləğv edilib.

İclasda çıxış edən Kaja Kallas ölkədə təhlükəsizlik qüvvələrinin və Əsəd tərəfdarlarının iştirakı ilə baş verən zorakılıqlara toxunaraq, Şara rəhbərlik etdiyi yeni hökumətin “doğru yolda” olub-olmaması ilə bağlı sualların olduğunu etiraf edib. Kallas daha əvvəl xəbərdarlıq etmişdi ki, inklüzivlik və müxtəliflik üzrə öhdəliklər geri çəkilərsə, sanksiyalar bərpa oluna bilər.

Sanksiyaların ləğvi ilə bağlı suala Kallas “Həqiqətən başqa seçimimiz yoxdur”, – deyib.

“Ya biz onlara ölkədə sabitliyi təmin etmək üçün imkan veririk, ya da vermirik və nəticədə Əfqanıstandakı kimi bir vəziyyət yaranır”.

Yenə də bu gün verilən dayandırma qərarı "məhdudiyyətsiz çek" kimi qəbul edilmir.

AB silahlara, kimyəvi maddələrə, ikili təyinatlı əşyalara, repressiv avadanlıqlara və müşahidə proqramlarına ciddi məhdudiyyətlər qoyacaq. Bundan əlavə, Əsəd rejimi ilə əlaqəsi olan şəxslərin əhatəli qara siyahısı qüvvədə qalacaq.

Suriyaya qarşı tətbiq edilən sanksiyalar Brüsselin indiyə qədər qurduğu və AB-Suriya iqtisadi əlaqələrinin dağılmasına səbəb olan ən mürəkkəb sanksiya rejimlərindən biri kimi tanınır. 2023-cü ildə Suriya AB-nin ticarət etdiyi ölkələr arasında 143-cü yerdə qərarlaşıb və onun ümumi ticarət həcmi cəmi 396 milyon avro təşkil edib.

AB Suriyanın ən böyük beynəlxalq donorudur və 2011-ci ildən bəri təxminən 37 milyard avro yardım ayırıb.

 





20.05.2025    çap et  çap et